Rusiya Ermənistanın Avropa yönlü siyasətinə qarşı tədbirlər planlaşdırır

Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımların Avrasiya İqtisadi İttifaqının (Aİİ) normaları ilə ziddiyyət təşkil etdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk TASS-a açıqlamasında məlumat verib.
“Ermənistanın Aİ ilə hüquqi yaxınlaşmanı nəzərdə tutan bəzi normativ təşəbbüsləri Aİİ-nin qaydalarına uyğun gəlmir. Bu məsələ ilə bağlı mən Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryana məktub imzalamağa hazırlaşıram”, - deyə Overçuk bildirib.
Rusiya rəsmisi əlavə edib ki, sözügedən ziddiyyətli təşəbbüslər davam edəcəyi təqdirdə, Moskva Aİİ çərçivəsində uyğun cavab tədbirlərinin görülməsini nəzərdən keçirəcək:
“Buna uyğun olaraq, biz bu məsələ ilə bağlı müvafiq tədbirlərin tətbiqi imkanlarını qiymətləndirəcəyik”.
Qeyd edək ki, Ermənistan son aylarda Avropa İttifaqı ilə siyasi və iqtisadi inteqrasiya istiqamətində fəallaşmış, bu isə Aİİ üzvü olan digər dövlətlərdə narahatlıq doğurmuşdu.
20:34 27.06.2025
Oxunuş sayı: 602