Putin: “Ukrayna ilə danışıqların üçüncü raundunu İstanbulda keçirməyə hazırıq”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının üçüncü raundunu İstanbulda keçirməyə hazır olduqlarını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya lideri “Rossiya 1” telekanalına müsahibəsində danışıb.
“Biz Ukrayna ilə danışıqların üçüncü mərhələsini İstanbulda keçirməyə hazırıq. Nümayəndə heyətlərinin rəhbərləri hazırda mümkün tarixlə bağlı müzakirələr aparırlar”, – Putin qeyd edib.
O, tərəflərin təqdim etdiyi sənədlərdə ziddiyyətlər olduğunu bildirib: “Müzakirələrin üçüncü raundunda məhz bu memorandumlar əsas mövzu olacaq”.
V.Putin, həmçinin, 3 000-dən çox ukraynalı hərbçinin cəsədini qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirib.
“Rusiya və Ukrayna arasında məhbusların mübadiləsi tam başa çatdıqdan sonra təmaslar davam etdiriləcək”, – deyə o əlavə edib.
Rusiya lideri ABŞ-lə münasibətlərə də toxunaraq bildirib ki, Donald Trampın mövcudluğu iki ölkə arasında yaxınlaşmaya səbəb olub: “Tramp sayəsində Rusiya və ABŞ arasında münasibətlərdə müəyyən irəliləyiş müşahidə olunmağa başlayıb”.
V.Putin həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyini də yüksək qiymətləndirib: “Biz Ərdoğanın göstərdiyi diplomatik dəstəyə görə minnətdarıq”.
Aybəniz Səfərova
19:13 27.06.2025
Oxunuş sayı: 580