Zaxarova: "ABŞ və İsrail beynəlxalq hüququ pozur"

"İsrail və ABŞ-nin qeyri-qanuni və təcavüzkar hərəkətlərindən sonra hərbi gərginliyin təhlükəli çarxının dayandırılacağına ümid var".
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova ABŞ və İsrailin İrana qarşı son hücumlarını beynəlxalq hüquqa zidd hesab edib. Onun sözlərinə görə, bu hücumlar BMT qətnamələrini və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) mandatını pozub:
“İranın MAQATE nəzarətində olan nüvə obyektlərinə endirilmiş zərbələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) ciddi zərər vurub. Bu, İranla MAQATE arasında əldə olunmuş razılaşmaların icrasına maneələr yaradıb və nəticədə məsuliyyət tam şəkildə ABŞ və İsrailin üzərinə düşür”.
Rusiya rəsmisi MAQATE-nin nüfuzuna dəymiş ziyanın zamanla bərpa ediləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, bunun üçün sabitlik, sülh və İranın nüvə obyektlərinə gələcəkdə hücumların olmayacağına dair təminatlar lazımdır.
“İranla sülh yönümlü nüvə əməkdaşlığımız qanunidir və davam edəcək. İkitərəfli strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə əməkdaşlığı genişləndirəcəyik”, – deyə Zaxarova vurğulayıb.
O əlavə edib ki, Moskva İran ətrafında yaranmış gərginliyin azaldılması üçün bir sıra diplomatik təşəbbüslərlə çıxış edib:
“Bu problemin yeganə həlli diplomatiya və danışıqlardır. Rusiya bu istiqamətdə fəal iştirakını davam etdirəcək”.
Zaxarova, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Əli Əkbər Abbasçı arasında keçirilən son görüşdə bu mövqenin bir daha təsdiqləndiyini xatırladıb.
Yaxın Şərqdəki gərginlik fonunda Rusiyanın 1 000-dən çox vətəndaşını təxliyə etdiyini bildirən Zaxarova, bölgədə humanitar risklərin artdığına diqqət çəkib.
Zaxarova BMT-ni Ukrayna ilə bağlı “ikili standartlarda” ittiham etdi
Brifinqdə Rusiya-Ukrayna müharibəsinə də toxunan Zaxarova, Ukrayna ordusunun son hücumları nəticəsində 13 mülki şəxsin həlak olduğunu və 100-dən çox insanın yaralandığını deyib.
O, həmçinin BMT Baş katibi Antonio Quterreşin 17 iyun tarixindəki məruzəsində Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı uşaqlara qarşı hüquq pozuntularında ittiham olunmasını “qərəzli və siyasi qərar” adlandırıb:
“Bu, BMT-nin açıq şəkildə ikili standartlar tətbiq etdiyini göstərir”, – deyə Zaxarova bildirib.
22:30 26.06.2025
Oxunuş sayı: 652