Almaniya dənizdə miqrantların xilasına ayırdığı maliyyəni dayandırır

Almaniya Aralıq dənizində boğulma təhlükəsi ilə üzləşən miqrantları xilas edən qeyri-hökumət təşkilatlarına (QHT) ayırdığı maliyyə dəstəyini dayandırdığını açıqlayıb. Rəsmi Berlin bu vəsaitləri insanların öz ölkələrini tərk etməsinə səbəb olan problemlərin həllinə yönəltməyi planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Almaniyanın bu qərarı son illərdə Avropaya miqrasiya axınının qarşısını almağa yönəlmiş siyasətlərin davamı kimi qiymətləndirilir. Onilliklər ərzində müharibə və yoxsulluq səbəbindən minlərlə insan Avropaya təhlükəli səyahətə çıxır və hər il yüzlərlə insan bu cəhdlər zamanı həyatını itirir.
Xarici işlər naziri Yohan Vadepful mətbuat konfransında bildirib ki, Almaniya humanitar prinsiplərə sadiq qalacaq, lakin dənizdə xilasetmə əməliyyatlarının maliyyələşdirilməsi Xarici İşlər Nazirliyinin vəzifəsi deyil: “Biz yardımı ehtiyacın ən çox olduğu yerlərdə göstərməliyik” – deyə o vurğulayıb. Nazir Sudan kimi münaqişə bölgələrində humanitar böhranı xatırladaraq vəsaitin daha məqsədyönlü istifadə olunmalı olduğunu qeyd edib.
Ötən illərdə sol təmayüllü hökumətin qərarı ilə Almaniya hər il dənizdə xilasetmə fəaliyyəti göstərən QHT-lərə təxminən 2 milyon avro maliyyə yardımı ayırırdı. Bu təşkilatlardan biri olan Sea-Eye ümumi gəlirinin 10 faizini Almaniya hökumətindən alırdı. Qurumun məlumatına görə, 2015-ci ildən bəri xilasetmə təşkilatları 175 min insanın həyatını xilas edib.
Sea-Eye təşkilatının rəhbəri Qorden İzler bildirib ki, hökumət dəstəyi əlavə missiyaların həyata keçirilməsinə şərait yaratmışdı: “Bu qərardan sonra bəzən təcili hallarda belə limanda qalmalı ola bilərik”.
Müxalif Yaşıllar Partiyası isə hökumətin bu addımını kəskin tənqid edib. Partiyanın parlamentdəki fraksiya rəhbəri Britta Hasselmann qərarın humanitar böhranı daha da dərinləşdirəcəyini və insan əzabını artıracağını deyib.
Fatimə Nəbiyeva
21:54 26.06.2025
Oxunuş sayı: 735