Qəzza fəlakəti: Aİ-dən konkret addım gözlənilir

Avropa İttifaqının (Aİ) 27 lideri Brüsseldə bir araya gələrək, əsas diqqəti geosiyasi məsələlərə yönəlmiş bir günlük sammit keçiriblər. Toplantının əsas gündəm mövzularından biri Qəzza zolağındakı humanitar fəlakət və Aİ-nin İsrailə qarşı göstərəcəyi mövqedir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu çərçivədə İrlandiya, İspaniya və Sloveniya Avropa İttifaqını Qəzza məsələsində konkret addımlar atmağa və İsrailə qarşı “güclü siyasi reaksiya” verməyə çağırıblar. Ölkə liderləri bildiriblər ki, bölgədə baş verən insanlıq dramı qarşısında Aİ-nin susqunluğu qəbuledilməzdir.
İrlandiyanın Baş naziri Mişel Martin çıxışında Qəzzada davam edən “qırğın və dağıntının miqyasının”, eyni zamanda “uşaqların ölümü və yaralanmasının” Aİ-dən həm humanitar, həm də siyasi baxımdan “güclü reaksiya” tələb etdiyini qeyd edib.
Martin Avropanın bu müharibəni dayandırmaq üçün İsrailə təzyiq göstərməkdə aciz qalmasını “anlaşılan deyil” sözləri ilə tənqid edib. O, həmçinin İsrailin Aİ xarici işlər nazirlərinin keçən həftə müzakirə etdiyi Aİ-İsrail Tərəfdaşlıq Razılaşmasının yenidən nəzərdən keçirilməsi də daxil olmaqla, Qəzzadakı vəziyyəti obyektiv meyarlarla əks etdirən hesabatları pisləməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, İrlandiya və İspaniya bu razılaşmanın yenidən qiymətləndirilməsi ilə bağlı artıq bir ildən çoxdur çağırış edirlər. Martin həmin sənədin “obyektiv şəkildə faktları əks etdirməyə çalışan və emosional dildən uzaq” olduğunu bildirib. O əlavə edib ki, İsrail bu razılaşmaya, xüsusilə də onun ikinci maddəsində yer alan insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməlidir.
Fatimə Nəbiyeva
21:21 26.06.2025
Oxunuş sayı: 773