Ailə və nikah institutu üçün yeni böyük təhlükə: “Robot-Partnerlər” fenomeni və “Dijiseksuallıq”

Son illər texnoloji yeniliklərin sürətli inkişaf etdiyi və geniş tətbiq imkanı olan bir çox ölkədə ailə və nikah institutunu təhdid edən “ “robot-partnerlər” fenomeni getdikcə yayılmağa başlayıb. Bu fenomen, xüsusilə süni intellekt və robot texnologiyalarının inkişafı ilə əlaqələndirilir və elmi ədəbiyyatda "dijiseksuallıq" (digital seksuallıq) olaraq da adlandırılır. Dijiseksuallıq, insanların emosional və fiziki ehtiyaclarını qarşılamaq üçün süni intellektlə təchiz edilmiş “robot- partner”lərə yönəlməsini ifadə edir. Bu fenomen, ailə və nikah institutuna və fərdlərin psixoloji vəziyyətinə uzunmüddətli təsir göstərə biləcək yeni bir təhlükə mənbəyi yaradır.
Bu mövzu ilə bağlı Üsküdar Universitetinin
sosiologiya kafedrasının professoru, sosiologiya elmləri doktoru Əbülfəz
Süleymanlı, Türkiyənin tanınmış “Sabah” qəzetinə maraqlı müsahibə verib.
Müsahibədə, “robot-partnerlər” və onların insan münasibətlərinə təsiri barədə
diqqətçəkən fikirlər irəli sürülüb. Professor Süleymanlı, süni intellektlə işləyən
robotların insanların emosional ehtiyaclarını qarşılama qabiliyyətinin nə qədər
məhdud olduğunu və bu fenomenin cəmiyyətin sosial strukturlarına təsiri
haqqında narahat verici məqamlara diqqət çəkib.
Müsahibədən bəzi əsas məqamları Azərbaycan
oxucuları üçün təqdim edirik:
Bu tendensiyanın əsas səbəbi ailə və nikah institundaki
problemlər və tənhalığın artması
Əbülfəz Süleymanlı, son dövrlərdə cəmiyyətdə ailə və
nikah institutlarına qarşı münasibətin dəyişməsi ilə əlaqədar olaraq, bu cür
meyllərin artdığını vurğulayıb. Xüsusilə gənclər arasında getdikcə daha çox evliliyə
qarşı maraq azalır və ailə institutu azadlıqları məhdudlaşdıran bir qurum kimi
qəbul edilir. Bunun da nəticəsində, evlənmədən tək yaşayan insanları tərif etmək
üçün elmi ədəbiyyatda istifadə olunan "solo" həyat tərzinə üstünlük
verənlərin sayı getdikcə artır. Bununla yanaşı, ailə bağlarının zəifləməsi, ailə
daxili münaqişə və boşanmaların sayının arması, virtual ünsiyyət tətbiqlərinin
gündəlik qarşılıqlı əlaqələri formalaşdırması və sürətli həyat temposunun fərdiləşməni
təşviq etməsi, sosial əlaqələrin azalmasına gətirib çıxarır.Nəticədə, xroniki tənhalıq,
fərdlərin ruhi sağlamlığını mənfi təsir edən geniş yayılmış bir problemə
çevrilir.Lakin insan təbiəti etibarilə sosial əlaqələrə ehtiyac duyur və tənhalıq
hissini aradan qaldırmaq üçün müxtəlif alternativlər axtarır. Bu ehtiyacı dərhal
hiss edən texnologiya şirkətləri, “robot-partner” kimi alternativlər icad etməyə
yönəlirlər. Nəticədə, robotlarla partner münasibətlərinə meyil göstərən
insanların sayı getdikcə artır.
Dünyada robotlarla “evlənən” insanlar var mı?
Prof.
Dr. Əbülfəz Süleymanlı, David Levy-nin 2007-ci ildə nəşr olunan
"Robotlarla Eşq və Seks" adlı kitabında 2050-ci ildə robotlarla ilk
evliliyin həyata keçiriləcəyini proqnozlaşdırdığını bildirib. Alimin bu
proqnozu günümüzdə reallaşıb və bir çox ölkədə artıq buna bənzər nümunələrin görülür.
Misal üçün 2016-cı ildə Fransada Lilly adlı bir qadın, 3D yazıcı ilə istehsal
olunan InMoovator adlı robota aşiq olduğunu və onunla evlənmək istədiyini
açıqlamışdı. 2017-ci ildə Çinli süni intellekt mütəxəssisi Jiajia Zheng, özünün
yaratdığı robotla dini bir evlilik mərasimi keçirərək, ailəsini və dostlarını
da bu mərasimə dəvət etmişdi. O, bu addımı, münasibət qurmaqda çətinlik çəkdiyi
və ailəsinin təzyiqlərindən yorulduğu üçün atdığını bildirmişdi. 2018-ci ildə
isə Tokio şəhərində bir məktəb müdiri olan Akihiko Kondo, sanal aləmdəki 16
yaşlı şarkıcı hologram Hatsune Mikuyla evlənmiş və hətta kuyumcudan üzük
alaraq, evlilik sertifikatı düzəltmişdi. Bu nümunələr, dünyada yalnız və əlaqə
qurmaqda çətinlik çəkən insanların "dijiseksüel devrim" olaraq
adlandırılan bu alternativlərə yönəldiyini və bu tendensiyanın getdikcə
artdığını göstərir.
İnsanlar üçün bu cür “robot-partnerlerin” cəlb
edici məqamları nələrdir?
Prof. Dr. Əbülfəz Süleymanlı qeyd edir ki,
psixoloqlar, insanlar üçün bu robotların əsas cəlbedici xüsusiyyətlərini sesli
cavab sistemləri, emosional qarşılıqlı əlaqə imkanları və insana oxşar fiziki
reallıqlarının artırılması ilə əlaqələndirirlər. Həmçinin cəlbedici"pobot-partner”
sizinlə mübahisə etmir, mahnı oxumaq, cinsi ehtiyacları qarşılamaq, hər hansı
bir sualı cavablandırmaq və lazım gəldikdə susmaq kimi, demək olar ki,
sahibinin hər istəyini yerinə yetirə bilir. Heç vaxt xəstələnmir və problemləri
ilə 'yük' yaratmır. Süni intellektlə ünsiyyət, insanlarla ünsiyyətə nisbətən həmişə
daha asan, əyləncəli və nisbətən rahat ola bilər. Belə ki, bu sahədə aparılan
araşdırmalar, insanlar arasında söhbət edərkən daha utanqac davranan fərdlərin robotlarla
daha güclü emosional bağ qurabildikləri görülmüşdür.
Bu fenomen hansı təhlükələri özündə ehtiva edir?
Prof. Dr. Əbülfəz Süleymanlı, robotlarla insanların
münasibətlərinin həm ailə institutuna, həm də bütövlükdə insanlıq üçün ciddi
problemlər yarada biləcəyini vurğulayıb. O, bu cür münasibətlərin insanların
kimliyi, cəmiyyətin demoqrafik strukturu, etik və sosial normativləri ilə bağlı
çox sayda məsələlərlə bağlı narahatlıq doğurduğunu bildirib. “Bu münasibətlərdə
çoxalma prosesi necə tənzimlənəcək? Yoxsa robot-uşaqlar mı istehsal olunacaq” kimi
sualları irəli sürüb. Süleymanlı, robotların emosional ehtiyacları nə qədər
qarşılayacağı və insanlarla real əlaqə qurma qabiliyyətinin hələ tam olaraq
bilinmədiyi ilə bağlı məsələlərə də toxunub. O, eyni zamanda robotların istifadəsi
ilə bağlı hüquqi və fəlsəfi müzakirələrin başladığını və zamanla bu münasibətlərin
daha da mürəkkəbləşəcəyini qeyd edib. Professor, texnoloji cihazlara artan
asılılığın insanların psixoloji vəziyyətinə mənfi təsir edəcəyini və yeni psixi
sağlamlıqla bağlı yeni fəsadların yarana biləcəyini deyib.
Ailə və evlilik institutunun, hətta bəşəriyyətin gələcəyini
təhdid edən bu cür meyllərə qarşı tədbir almağın son dərəcə vacib olduğunu qeyd
edən Prof. Dr. Əbülfəz Süleymanlı, “Bu baxımdan, elm adamları, dövlət qurumları
və vətəndaş cəmiyyətinin əməkdaşlıq edərək ailəni dəstəkləyən və qoruyan siyasətlər
inkişaf etdirməsi zəruridir. Yalnız bu yolla, texnologiyanın insanlıq üçün bir
təhdid deyil, faydalı bir alət kimi istifadəsi təmin edilə bilər.” dedi.
22:19 17.06.2025
Oxunuş sayı: 684