Narkotik maddənin təsiri altında sükan arxasına keçən sürücülərlə necə mübarizə aparmalı?! - Eskpertlər danışdı
Son dövrlərdə ölkədə narkotik maddələrin təsiri altında sükan arxasına keçən sürücülərlə bağlı xəbərlərin sayı artmaqdadır. Saatlı rayonunda üç nəfərin bu səbəbdən saxlanılması da problemin aktuallığını bir daha gündəmə gətirir. Bu cür hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda insan həyatı üçün ciddi təhlükə mənbəyidir. Mövcud cəza tədbirlərinə baxmayaraq, bəzi sürücülərin bu riskli davranışlardan çəkinməməsi isə əlavə hüquqi mexanizmlərin tətbiqini zəruri edir. Bəs görəsən, bu kimi halların qarşısını almaq üçün sürücülərə qarşı daha hansı əlavə cəza tədbirləri görülməlidir ki, onlar bu cür məsuliyyətsiz addımlardan çəkinsinlər?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda pozulması, yəni alkoqollu içkilərin qəbulu və ya narkotik vasitələrin, həmçinin digər güclü təsir edən maddələrin istifadəsi nəticəsində sərxoşluq halında törədilən əməllər zamanı zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurulması hallarında şəxs 3 ilə qədər müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 min manatdan 8 min manata qədər cərimə edilir və ya 3 ilə qədər müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Hüquqşünas əlavə edib ki, burada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması əlavə cəza kimi tətbiq olunur və həmin şəxs azadlıqdan məhrum etmə cəzasını çəkib başa vurduqdan sonra bu 3 illik məhrumiyyət müddəti qüvvəyə minir: "Əgər şəxsin narkotik vasitələrin təsiri altında cinayəti törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır xəsarət yetirilərsə, bu halda şəxs 4 ilə qədər müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Əgər şəxs narkotik vasitələrin təsiri altında qəza törədərkən qarşı tərəfin ölümünə səbəb olarsa, bir nəfərin ölümü halında 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. İki və ya daha çox şəxsin ölümü halında isə bu müddət 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hesab edirəm ki, bu cəzalar kifayət qədər ağırdır və cinayəti törədən şəxsin islah olunması üçün yetərli müddət nəzərdə tutur. Ona görə də əlavə cəzaların tətbiq olunmasını məqsədəuyğun hesab etmirəm".

Nəqliyyat eksperti Adil Nəbiyev isə düşünür ki, bu kimi halların qarşısını almaq üçün təkcə mövcud cərimə və hüquqi məsuliyyət kifayət etmir, daha kompleks və çəkindirici tədbirlər tətbiq olunmalıdır: "İlk növbədə, narkotik təsiri altında avtomobil idarə edən şəxslərə qarşı cəzalar sərtləşdirilə bilər – məsələn, sürücülük vəsiqəsinin uzunmüddətli və ya daimi ləğvi, yüksək məbləğdə cərimələr və təkrar hallarda azadlıqdan məhrumetmə kimi tədbirlər daha ciddi təsir göstərə bilər. Bununla yanaşı, belə sürücülərin məcburi tibbi və psixoloji reabilitasiya proqramlarına cəlb olunması vacibdir ki, problem kökündən həll olunsun. Digər tərəfdən, yol polisi tərəfindən mütəmadi reydlərin artırılması, xüsusilə gecə saatlarında və riskli ərazilərdə ekspress testlərin tətbiqi də önləyici rol oynaya bilər".
Ekspert əlavə edib ki, maarifləndirmə də burada mühüm yer tutur – ictimai kampaniyalar, real hadisələr üzərindən hazırlanmış sosial çarxlar və sürücülər üçün təlimlər insanların məsuliyyət hissini artırır: "Eyni zamanda, təkrar qayda pozan şəxslər üçün elektron nəzarət sistemlərinin (məsələn, avtomobildə xüsusi nəzarət cihazları) tətbiqi də effektiv ola bilər. Ən vacibi isə cəmiyyət daxilində bu davranışa qarşı sıfır tolerantlıq yanaşmasının formalaşdırılmasıdır ki, insanlar bunun təkcə qanun pozuntusu deyil, həm də insan həyatı üçün ciddi təhlükə olduğunu dərk etsinlər".
Ayhan
18:38 13.04.2026
Oxunuş sayı: 55