Şimali Kipr TDT üçün coğrafi baxımdan “qapı” rolunu oynayır - RƏY
Şərqi Aralıq dənizi regionu son illərdə həm geosiyasi, həm də iqtisadi baxımdan qlobal diqqət mərkəzinə çevrilib. Bu kontekstdə Şimali Kipr Türk Respublikası yalnız regional aktor kimi deyil, eyni zamanda türk dünyasının strateji dayaqlarından biri kimi ön plana çıxır. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi fonunda Şimali Kiprin rolu daha da aktuallaşır.
Bu baxımdan, Ziya Öztürklərin “Şimali Kipr türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapıdır” fikri təsadüfi deyil. Regionun enerji resursları, nəqliyyat marşrutları və siyasi balansı nəzərə alındıqda, Şimali Kipr həm geostrateji mövqe, həm də türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bəs bu reallıqlar fonunda Şimali Kipr Türk Respublikasının ümumi əhəmiyyəti necə qiymətləndirilməlidir və onun Türk Dövlətləri Təşkilatı üçün mahiyyəti konkret olaraq nədən ibarətdir? Bu suallar ətrafında aparılan müzakirələr regionun gələcək siyasi və iqtisadi konturlarını müəyyənləşdirən əsas amillərdən biri kimi çıxış edir.

Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib: "Şimali Kipr yalnız siyasi baxımdan mübahisəli ərazi deyil, həm də strateji baxımdan Şərqi Aralıq dənizinin mərkəzi nöqtələrindən biridir. Bu region son illərdə enerji ehtiyatları, dəniz nəqliyyat yolları və hərbi balans baxımından qlobal diqqət mərkəzinə çevrilib. Birincisi, Şimali Kipr Türkiyə üçün Aralıq dənizində ön mövqe rolunu oynayır. Bu ərazi vasitəsilə Ankara həm enerji marşrutlarına, həm də dəniz təhlükəsizliyinə nəzarət imkanlarını genişləndirir. Şərqi Aralıq dənizində qaz yataqları ilə bağlı mübahisələr fonunda Şimali Kipr Türkiyənin hüquqi və siyasi arqumentlərinin əsas dayaqlarından biridir. İkincisi, Şimali Kipr türk kimliyinin və dövlətçilik ideyasının davamlılığı baxımından simvolik əhəmiyyət daşıyır. Burada yaşayan türk əhalisinin təhlükəsizliyi və siyasi təmsilçiliyi məsələsi yalnız lokal yox, ümumtürk məsələsi kimi təqdim olunur".
Ekspert əlavə edib ki, üçüncüsü, Şimali Kipr Şərqi Aralıq dənizində logistik və iqtisadi platforma kimi çıxış edə bilər: "Gələcəkdə enerji tranziti, liman infrastrukturu və regional ticarət baxımından bu ərazinin rolu daha da arta bilər. Türk Dövlətləri Təşkilatı (TDT) baxımından Şimali Kiprin əhəmiyyəti daha çox strateji genişlənmə və siyasi koordinasiya aspektində özünü göstərir. Unutmayaq ki, Şimali Kipr TDT üçün coğrafi baxımdan “qapı” rolunu oynayır. Türk dünyasının əsas hissəsi Mərkəzi Asiyada yerləşsə də, Şimali Kipr bu coğrafiyanı Aralıq dənizi ilə birləşdirən yeganə nöqtədir. Bu isə təşkilatın yalnız kontinental deyil, dəniz yönümlü geosiyasi aktora çevrilməsi perspektivini yaradır. Eyni zamanda, Şimali Kiprin TDT çərçivəsində müşahidəçi statusu belə türk dövlətləri arasında siyasi həmrəyliyin göstəricisidir. Bu, həm də beynəlxalq sistemdə tanınma problemi yaşayan bir qurumun diplomatik legitimliyinin mərhələli şəkildə artırılması strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər".
Ayhan
18:58 13.04.2026
Oxunuş sayı: 64