Təhlükəsizlik kəməri qaydası niyə vərdişə çevrilmir?
Daxili İşlər Nazirliyinin açıqladığı son statistika yol hərəkəti təhlükəsizliyi sahəsində narahatedici mənzərəni ortaya qoyur. Belə ki, cari ilin ilk üç ayında baş verən yol-nəqliyyat hadisələri zamanı həyatını itirənlərin 33,6 faizi təhlükəsizlik kəmərindən istifadə etməyən şəxslər olub. Bu rəqəm sadə bir qaydanın pozulmasının necə ağır nəticələrə səbəb olduğunu açıq şəkildə göstərir.
Buna baxmayaraq, bəzi sürücülər hələ də təhlükəsizlik kəmərini bağlamağa etinasız yanaşır, özünü riskə atmaqdan çəkinmir. Bu isə sual doğurur: sürücülər niyə bu qədər vacib təhlükəsizlik qaydasına əməl etmir və mövcud cəza mexanizmləri niyə kifayət qədər təsirli olmur?
Eyni zamanda, bu halların qarşısını almaq üçün hansı əlavə cəza tədbirləri tətbiq olunmalıdır ki, təhlükəsizlik kəmərindən istifadə artıq seçim deyil, məcburi vərdişə çevrilsin?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib:

"Bu gün sürücülük vəsiqəsindən yox, məhz təhlükəsizlik kəmərindən istifadə etməyən şəxslərin qəza riski daha yüksəkdir və artır. Bunun bir neçə səbəbi var.
Bu səbəblərdən biri insanların özünə həddindən artıq arxayın olmasıdır. Yəni, bəzi sürücülər düşünür ki, “mən təhlükəsizlik kəmərindən istifadə etmirəm, amma mənə heç nə olmur”, yaxud “mən qorxmuram”, “mən yavaş sürürəm, mənə heç nə olmaz”.
Bu kimi özünə arxayınlıq və laqeyd yanaşma insanlarda qəza riskini daha da artırır və qəza törətmə ehtimalını yüksəldir.
Yaxşı olar ki, vətəndaşlarımız belə hallardan, yəni özünə həddindən artıq güvənməkdən, özünə arxayınlıqdan və özünə heyranlıq kimi davranışlardan uzaq olsunlar. İnsan nə qədər təhlükəsiz davranarsa, həyatının təhlükəsizliyi də bir o qədər artar.
Evindən avtomobillə çıxan bir şəxs rahat şəkildə evinə təhlükəsiz qayıda bilər. Lakin təəssüf ki, bəzi insanlar bu qaydalara əməl etmirlər".
Ekspert əlavə edib ki, məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, bu gün nəqliyyat vasitələrinin idarə olunması zamanı təhlükəsizlik kəmərlərindən istifadə etməklə yanaşı, ümumilikdə daxili qayda-qanunlara da əməl olunmur:
"Məsələn, zəruri olduğu halda belə bəzi vacib qaydalara riayət edilmir, nəqliyyat vasitələrinin saxlanma yerlərindən düzgün istifadə olunmur və digər bu kimi hallar müşahidə edilir.
Bütün bunlar öz-özlüyündə problemlərin yaranmasına və həll olunmamasına səbəb olur".
Ayhan
17:00 13.04.2026
Oxunuş sayı: 65