Qurtuluş: Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan ideyası

Tarixin dərkinə fəlsəfi kontekstdən yanaşdıqda aydın şəkildə müəyyən etmək olur ki, xalqların dövlətlərin mövcudluq və inkişaf tarixində liderlərin, tanınmış dövlət xadimlərinin, siyasətçilərin rolu əvəzsizdir və istənilən dövlətin inkişafında, keçid dövrlərində xilaskarlıq missiyası bir növ həmin dövlət xadimlərinin taleyi rolunda çıxış edir. Bu baxımdan tarixin interpretasiyası sübut edir ki, xalqların taleyi və tarixində düzgün qoyulmuş əsaslar yüz illər boyunca onların inkişafına, çiçəklənmə və tərəqqisinə xidmət edir. Tarixi təcrübə həm də göstərir ki, tarix öyrənilməsi vacib olan ən mürəkkəb həyat məktəbdir və bu həyat məktəbinin dərsləri göstərir ki, tarixin axarını məhz liderlər, böyük dahi şəxsiyyətlər və strateqlər müəyyən edir. Biz burada mürəkkəb tarix nəzəriyyələrindən bəhs etmək fikrində olmasaq da, yalnız onu qeyd edə bilərik ki, personalizm nəzəriyyəçilərinin rəyinə görə, məhz tarixin, xalqların və millətlərin inkişafında əsas təkanlar, atılışlar məhz liderlər və böyük dühalar tərəfindən həyata keçirilir və bu təməllərin üzərində böyük sivilizasiyalar, dövlətlər və cəmiyyətlər qurulur. Bu səbəbdən ola bilər ki, dahi şəxsiyyətlərin, tarixə yön verən dühaların, uzaqgörən strateqlərin həyatını və onların missiyalarını, dövlətçilik irslərini sona kimi öyrənmək, analiz etmək, mənalandırmaq mümkün olmur. Yaxud bu mənalandırmaya əsrlər lazım olur.
Azərbaycan tarixinin müasir mərhələsinin əsasını və onun dövlətçilik konstruksiyasının özülünü təşkil edən – 15 iyun 1993-cü il Qurtuluş tariximizdən 32 il ötür. Bir insan taleyində 32 iki il böyük zaman hesab edilə bilsə də, bir xalq, sivilizasiya, cəmiyyət və dövlətçilik tarixində bu rəqəm əsrlər və minilliklərlə müqayisədə o qədər də uzun zaman hesab edilə bilmir. Lakin tarixdən bəllidir ki, istənilən cəmiyyət və dövlətin gələcək tarixi gedşatının formalaşması məhz keçid dövrlərində qoyulur və həmin keçid anlarında gələcəyin necə olması məsələsi – tərəqqi, durğunluq və yaxud tənəzzülün ilkin şərtləri, simptopları məhz həmin dövrlərdə özünü göstərmiş olur. 90-cı illərin əvvəllərində postsovet məkanında baş verən xaosu gənc nəsil görməsə də, onun böyük insan kütlələrinə, xalqlar və cəmiyyətlərə vurduğu zərbələri yaşlı və orta nəslin nümayəndələri gözəl xatırlayırlar. Və biz çox gözəl şəkildə xatırlayırıq ki, 1988-1993-cü illərdə Azərbaycan xalqı əlinə düşmüş tarixi fürsətdən ciddi şəkildə bəhrələnmək əvəzinə səriştəsiz idarəetmə və lider çatışmazlığı səbəbindən son dərəcə qarmaqarışıq və qeyri-stabil bir vəziyyətə düşdü. Üstəlik iqtisadiyatın məhv olması, sosial şəraitin ağırlığı, vətəndaş müharibəsi təhlükəsi, ölkənin müxtəlif bölgələrində separatizmin baş qaldırması, eyni zamanda, ən ağırı, Ermənistan tərəfindən ərazilərimizin işğala məruz qalması və bir milyondan artıq qaçqın və məcburi köçkün ordusu–həmin illərin ziddiyyətlərinin pik həddə çatmasını şərtləndirmiş oldu... Belə bir mürəkkəb tarixi şəraitdən çıxmaq üçün bəzən xalqlara yüz illər, əsrlər lazım gəlir və tarix belə ziddiyyətli nümunələrlə kifayət qədər zəngindir. Ona görə də böyük düha və siyasətçilərin, dövlət xadimlərinin qeyd etdiyi kimi, belə bir mürəkkəb vəziyyətdən yalnız xalqı və cəmiyyəti, dövlət və dövlətçiliyi tanrı və dahilər xilas edə bilərdi və sonraki tarixi proseslər də birmənalı şəkildə sübut etdi ki, Azərbaycanın məhz Xilaskarı kimi Ulu öndər Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın, Qurtuluş meyarına çevirildi.
Ona görə də bir məsələni xüsusi qeyd etmək lazımdır: Tarixən olduğu kimi, hər bir cəmiyyətin gələcəyi onun irəli sürdüyü ideya, ideologiya və ideallarla bağlıdır. Azərbaycan xalqı təbii ki, şüur, mədəniyyət və ideya baxımdan sivilizasion xalqdır və onun dövlət qurma potensialı tarixən yüksək olmuşdur. Ancaq səmimi etiraf etmək lazımdır ki, bu ideya və ideologiyaları formalaşdırmaq və irəli aparmaq üçün mütləq və yenə də mütləq güclü siyasi liderlər, tarixin fəlsəfi dinamikasını dərindən və ideal bilən siyasətçilər, strateq və dövlət xadimləri zərurət kimi çıxış edir. Deməli, aydın olur ki, biz Qurtuluşun yaxud Azərbaycan ideyasının mahiyyətini dərindən anlamaq üçün Heydər Əliyev dühasının, irsinin və siyasətinin tarixi dinamikasını anlamalıyıq, bilməliyik. Bu isə səmimi etiraf edək ki asan deyildir. Çünki Heydər Əliyev dühasının miqyası onunla bağlıdır ki, o tarixi gedişatda bir növ mümkünsüz olanı mümkünə çevirmişdir. Bu baxımdan müasir Azərbaycan dövlətçiliyi tarixində son yarım əsrlik zamanın məhz Heydər Əliyevin misilsiz idarəetmə təcrübəsi ilə bağlı olması şübhəsizdir və Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi rasional paradiqmalar, yaratdığı yeni reallıqlar əyanı şəkildə sübut etdi ki, həmin strategiyanın aktuallığı yüz illər bundan sonra da Azərbaycan dövlətçiliyinin mayakı olacaqdır. Fakt budur ki, “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu böyük tarixi şəxsiyyət müstəqil Azərbaycanın yaradıcısı kimi mühüm missiyanı şərəflə həyata keçirmişdir”.
Qurtuluş - Azərbaycan ideyasının yaranmasının birinci mərhələsi
Heydər Əliyev epoxasının elmi-nəzəri araşdırılması, onun fəlsəfi anlamda təfsiri göstərir ki, bu ideyanın məntiqi əsasları Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə, – istərsə birinci (1969-1982), istərsə də ikinci (1993-2003) dövrü müstəqil, inkişaf etmiş, sosial cəhətdən təmin edilmiş, öz milli maraqlarını müdafiə edən, dayanıqlı və davamlı inkişafda olan Azərbaycan ideyası ilə bağlı olmuşdur. Ulu Öndərin istər birinci dəfə hakimiyyəti dövründə, istərsə də müstəqil Respublikaya rəhbərliyinin ikinci dövründə onun strateji hədəfləri, həyata keçirtdiyi dövlətçilik ideyaları praktik olaraq sübut etdi ki, ulu öndər Heydər Əliyevin Liderlik xüsusiyyəti həqiqətən də, bir fenomendir və o, əslində, Tanrının tək-tək şəxsiyyətlərə verdiyi bir xüsusi istedada malik olmuşdur. Vaxtilə, dünya siyasətinin önəmli simaları və dövlət başçıları Heydər Əliyev dühasının əvəzsizliyindən bəhs edərkən qeyd edirdilər ki, məhz, Azərbaycanın xoşbəxtliyi və firavanlığının təmin olunması işində Heydər Əliyev dühasının miqyası əvəzsizdir. Məsələn, hələ illər öncə Türkiyə Respublikasının Baş naziri olarkən Rəcəb Tayyib Ərdoğan qeyd edirdi: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər isə deyirdi: “Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Fransa prezidenti Jak Şirak Heydər Əliyev dühasının miqyasından bəhs edərkən qeyd edirdi ki, “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. ...onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirirəm”. BMT-nin sabiq Baş katibi Butros-Butros Qalinin Ulu Öndər haqqında dedikləri isə bilavasitə hər kəs üçün ibrətamiz bir kəlamdır. O deyirdi: “Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır”. Əlavə şərhə fikrimcə, ehtiyac yoxdur və bu kimi xoş sözlər və kəlamları Ulu Öndər haqqında yüzlərlə, minlərlə şəxslər – sadə insanlar, elm və mədəniyyət xadimləri, dünyanın nüfuzlu dövlət başçıları və siyasət nəhəngləri həmişə ifadə etmiş və hazırda da yüksək məramla ifadə etməkdədirlər. Fakt budur ki, əbədiyaşar Lider Heydər Əliyevin siyasi irsi, dühası, idarəetmə fəlsəfəsi, dövlətçilik strategiyası haqqında bir çox ictimai siyasi xadimlər, elm adamları, dövlət və mədəniyyət nümayəndələri bəhs edərkən öz rəğbətlərini bildirməklə yanaşı onlar bu böyük Azərbaycanlıya həmişə yüksək etimad və rəğbətlərini bildirmiş və onun fenomen və tarixdə əbədi iz qoyan dahi şəxsiyyət olduğunu xüsusi qeyd etmişlər. Bütövlükdə isə Azərbaycan xalqı bu əbədiyaşar şəxsiyyəti özünün və taleyinin müasir dövrünün “Memarı”, “Xilaskarı”, “Ümummilli Lideri”, “Ulu Öndəri”, “Qurtuluşun banisi” hesab etməklə həmişə ona öz dərin ehtiramını bildirmişdir.
Bu ehtiramın həm də ikinci, əsas tərəfi onunla bağlıdır ki, məhz Heydər Əliyev öz siyasi təfəkkürünün uzaqgörənliyi sayəsində – Azərbaycan xalqına siyasi varisini təqdim etməklə, XXI əsrdə Azərbaycan ideyasının qüdrətinin daha da dərindən reallaşması, Qarabağın işğaldan azad olunması və Suverenliyin təmin olunması üçün bir tarixi zəmin və mehvər imkanlarını yaratmışdır. Bu həm də onu praktikada bir daha əyani şəkildə təsdiq etdi ki, Heydər Əliyev və İlham Əliyev siyasi xətti və strategiyası Azərbaycan ideyasının – Qurtuluşun əsas sütununu təşkil edir və bu paradiqmanın qazandığı hər bir uğur və nailiyyətin fundamental elmi, siyasi, nəzəri dövlətçilik əsasları mövcuddur. Təsadüfi deyildir ki, müasir dünyanın tanınmış dövlət xadimlərinin, siyasətçilərin portiretini çəkmiş fırça ustası “Nikos Safranov Heydər Əliyevin 80 illik Yubleyi münasibətilə onun portiretini işləyərkən bu dahi insanla ünsiyyətdə olmuş və belə qənaətə gəlmişdir ki, o, Tanrının yaratdığı möcüzədir bu cür şəxsiyyət dünyada min ildə bir dünyaya gəlir” N. Safranov Heydər Əliyevlə ünsiyyətdə olarkən dahi liderin dühasından heyrətə gələrək yazırdı: “Heydər Əliyev gözəl, alicənab və çox ağıllı insandır. Mən ona dərin rəğbət bəsləyirəm və həmişə ona baxarkən düşünürdüm ki, görəsən, Tanrı belə insanları necə yaradır?”.
Mübaliğəsiz qeyd olunmalıdır ki, Amerika xalqınımn taleyində C.Vaşinqton, İngiltərə tarixində U. Çörçill, Almaniya tarixində K. Adenauer, qardaş Türkiyənin taleyində - tarixində Mustafa Kamal Atatürk hansı rolu, tarixi missiyanı həyata keçirmişdirsə Heydər Əliyev dühası da Azərbaycan xalqının taleyində, həyatında həmin rolu ən yüksək şəkildə həyata keçirmiş və müasir Azərbaycan dövlətçilik ideyasının mehvərini formalaşdırmışdır. Bu anlamda, xüsusi qeyd edək ki, əsl həqiqətdə, Azərbaycan tarixinin son iki yüzillik tarixinə elmi-nəzəri-praktik anlamda müraciət etdikdə məlum olur ki, Heydər Əliyev fenomenin əvəzsizliyi ondadır ki, məhz dahi siyasi xadimin təsbit etdiyi strategiya nəticəsində Azərbaycan tarixi, Azərbaycan ideyası, Azərbaycan xalqı və dövlətçiliyi yeni mehvər dövrünə daxil olmuş və Ulu Öndərin bütövlükdə, dövlətçilik fəaliyyəti Azərbaycanı yenidən yaratmışdır. Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan ideyasının nəhəngliyi ondadır ki, bu ideya modern və inkişaf etməkdə olan dövlətçiliyin sekulyar və rasional anlamda əsaslarını yaratdı. Heydər Əliyev epoxasının möhtəşəmliyi ondadır ki, məhz Ulu Öndərin Azərbaycan ideyası kontekstində həyata keçirdiyi siyasət sayəsində milli kimliyin mövcudluğunun son əsrlərdə yad təsirlər nəticəsində “özgələşməsi” prosesi dayandırıldı, millətin, dövlət və dövlətçiliyin özünübərpa mərhələsinə qədəm qoydu. Bu elə bir tarixi, ontoloji, ekzistensial, siyasi, iqtisadi-sosial, demokratik və sekulyar prosesdir ki, onun həyata keçirilməsi müasir dövlətlər tarixində elmi-nəzəri fikir üçün həmişə başlıca ideya əsasları kimi təsbit olunmuşdur – sosial, demokratik, hüquqi, konstitusion və suveren dövlətçiliyin əsası hesab olunmuşdur.
Tarixi faktlar sübut edir ki, “Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”. Yuxarıda qeyd olunan tezisdən aydın şəkildə müəyyən etmək olar ki, Heydər Əliyev dövlətçilik irsinin əldə etdiyi nailiyyətlərin qısa şəkildə təfsiri göstərir ki, müstəqil, inkişaf etmiş, dünyada öz sözünü deyən, sekulyar və demokratik əsaslarla inkişaf edən Azərbaycan ideyası Ulu öndərin dövlətçilik irsində həmişə başlıca əsas xətt və ideya olaraq çıxış etmişdir.
Bildiyimiz kimi dünya XX əsr bəşər tarixində ideoloji, siyasi, hərbi, iqtisadi anlamda ilk dəfə olaraq qlobal miqyasda iki qütbə parçalandı. Bu parçalanma nəticəsində Qərb strateqlərinin təbirincə desək “Qırmızı İmperiyanın” tərkibində olan sovet Azərbaycanı 1969 -cu ilə kimi geridə qalmış Kənd Təsərrüfatı ölkəsi kimi tanınır, əyalət müsəlman respublikası kimi təhsildə, iqtisadiyyatda, sənaye və s. sahələrdə heç bir ciddi uğura imza ata bilmird . Fakt budur ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində hələ Sovetlər birliyinin 60-ci illərində geridə qalmış kənd təsərrüfatı respublikasından Azərbaycan SSRİ 70-ci illərin ortalarında artıq inkişaf etmiş bir sənaye respublikasına çevrildi. Heydər Əliyevin tarixi bilgisi, siyasi baxışları, dövlətçilik ideyaları təbii ki, onun həm də dünyagörüşünün zənginliyindən, fitri istedadından, strateji düşüncəsindən, tarixin fəlsəfi anlamda dərkindən, şəxsi təcrübəsinin daima inkişaf etməsindən, unikal şəxsi bilgilərindən gəlirdi. O, hələ ölkəyə rəhbərliyinin birinci dövründə gözəl şəkildə anlayırdı ki, respublikanın inkişafı, çiçəklənməsi dayanıqlı olması üçün iqtisadiyyatda, demoqrafik potensialda, sənayedə, elm, təhsil, aqrar sahə və mənzil-məişət təsərrüfatında ciddi dəyişikliklər lazımdır. Bunlar olmadan heç bir dövlət inkişaf edə, çiçəklənə bilməz. Çünki dahi Lider çox gözəl şəkildə bilirdi ki, insan mənəvi varlıq olduğu qədər, həm də bioloji və sosial varlıqdır, onun milli dəyərlərini, elmi potensialını, intellekt səviyyəsini məişət mədəniyyətini, həyat şəraitini artırmadan böyük uğurlara imza atmaq mümkün deyildir. Məsələn, həmin dövrlərdə bütün Sovetlər miqyasında olduğu kimi müsəlman respublikası kimi münasibət bəslənən Azərbaycanda da mənzil problemi kəskin şəkildə mövcud idi. “1971-ci ilin fevralın 5 -də Bakı partiya konfransında Heydər Əliyev bu problemin həllində ciddi dayanmışdı. O bildirdi ki, bütün mədən sahələrində, zirzəmi və yarımzirzəmi şəraitində, qəza vəziyyətində olan, köhnəlib çürüyən evlərdə yaşayanların hamısı köçürülməli, bu ailələrə normal yaşayış şəraiti yaratmalıyıq”. Fakt budur ki, həmin illərdə mənəviyyatı, qanı, canı, milli varlığı ilə Azərbaycana bağlı olan və inkişaf etmiş modern Azərbaycan ideyasının müəllifi olan Heydər Əliyevin “Azərbaycana rəhbərlik etdiyi dövr ərzində 18,5 milyon m2-lik yaşayış sahəsi inşa olunmuşdur. İki milyon 200 min nəfər yeni mənzilə köçürülmüş və yaşayış şəraiti yaxşılaşmışdır”. Məhz bu siyasət nəticəsində demək olar ki, həmin illərdə Bakı şəhəri yenidən quruldu, bir neçə yeni mikrorayonlar, yaşayış məskənləri tikilərək vətəndaşların sərəncamına verildi və Bakı yenidən azərbaycanlılaşdırıldı. 70 -ci illərin sonlarında “...Ulu öndərin daha böyük bir təşəbbüsü Azərbaycanın enerji ehtiyatlarının işlənməsinə ciddi təkan verdi. Bu, keçmiş SSRİ-də yeganə olan Dərin Özüllər zavodunun tikilib istismara verilməsi idi. O zaman 400 milyon ABŞ dollarına alınmış (ilkin olaraq, sonradan bu rəqəm 1 milyard rubula çatdırıldı ) bu ən böyük zavodun işə düşməsi hesabına dənizdə, dərin sularda platformalar salmaq üçün ağırlığı min tonlarla olan metal konstruksiyalar istehsal etmək mümkündür. Bunlarla bərabər o zaman onlarla belə müəssisə və zavodlar qurulub yaradıldı ki, bu da günümüz üçün vacib şərtlərdən idi”. Hərbi-sənaye komplekslərin tikilməsi, yeni zavodların istifadəyə verilməsi, mədəniyyət, səhiyyə, incəsənət sahəsində uğurların miqyası elə bir geriyədönməz xarakter aldı ki, həmin illərdə Azərbaycan Respublikasını Sovet rəhbərliyi mütəmadi olaraq, bu nailiyyətlərə görə başqa müttəfiq respublikaların başçılarına nümunə kimi təqdim etməyə vadar edirdi. Şübhəsiz bu illərdə Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixində ən uzaqgörən siyasətindən biri milli kadrların yetişdirilməsi istiqamətində həyata keçirdiyi əsaslı işlər oldu. “Yəni bilik əldə etmək, xarici dilləri öyrənmək, başqa xalqların mədəniyyətini bilmək, lakin bu biliklərdən öz maraqlarını (Azərbaycan ideyasını Ş. Z) müdafiə etmək üçün yararlanmaq lazım idi. Həmin illərdə, Onun vətənpərvərliyi, zəkasının qüdrəti, və nüfuzu ciddi sınaqlardan uğurla keçdi, onlara tab gətirdi, Azərbaycan möhkəm dayaqlara sahib oldu”.
Fakt budur ki, gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının hazırlanması zərurətini uzaqgörənliklə diqqətə alan Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi lisey yaradıldı. Bütün bunlar addım-addım Azərbaycan ideyasının, Azərbaycançılıq məfkurəsinin ideallarının tədricən həyata keçirilməsi idi. Lakin bir məsələni qeyd etmək lazımdır ki, sovet dövründə milli maraqlardan çıxış etmək, onu idarəetmə siyasətinin mərkəzinə gətirmək o qədər də asan deyildi. Belə ki, ideoloji “...institutlaşma SSRİ-nin dövlət kimi mahiyyətinə məzmununa, ideoloji özəlliklərinə uyğun aparılırdı. Bu çərçicə daxilində ayrı-ayrı respublikalarda milli-siyasi ənənəni (həm də idarəetmə və ideoloji aspektlərdə) təmin etmək çox çətin bir iş idi. Heydər Əliyev kadrları azərbaycanlaşdırmaqla sovet ideoloji çətiri altında dövlət idarəçiliyində milli ənənəni qorudu və onu çox aspektlərdə müasirləşdirdi”. Məsələn, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə Cəmşid Naxçıvanski adına Hərbi liseyin məzunları ön cəbhədə olmuşlar. Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması və işğala son qoyulması faktında C. Naxçıvanski adına hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi tarixində həyata keçirdiyi strategiyanı bir məqalə ilə əhatə etmək təbii ki, qeyri-mümkündür. Bu onunla bağlıdır ki, tarixdə böyük şəxsiyyətlər, liderlər, dövlət qurucuları, imperiya və sivilizasiya yaradanlar heç zaman öz ideyalarını, strategiyalarını əvvəlcədən şüar formasında elan etmirlər.
Şölət Zeynalov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
12:09 17.06.2025
Oxunuş sayı: 2864