Laçın – biz susaq təbiət danışsın!!!

Azad olunmuş torpaqlarımıza səfər etmək otuz illik ayrılığın ardından hər birimiz üçün anladılması imkansız sayılan hisslərdir. Həmin ərazilərə addım atdığımız ilk dəqiqələrdən düşüncələri, duyğuları izah etməkdə çətinlik çəkirsən. Yolu irəlilədikcə kədər və qürur hissi insanın ruhunu sarır. İlk öncə bu torpaqlara qayıdaraq uğrunda verdiyimiz minlərlə itkilərimizi, yaşanan acıları bir daha xatırlayırıq. Daha sonra Müzəffər Azərbaycan Ordusunun peşəkarlığı, şücaəti sayəsində 44 günlük Vətən Müharibəsi qələbəsinin bizlərə yaşatdığı qürur və sevinclə torpaqlarımızı ziyarət edirik.
Bu dəfə yolumuz dağlar qoynunda yerləşən Laçına idi. Qovuşmağımız Ağdamdan başladı. İrəlilədikcə tikilisiz ərazilər erməni vandalizminin izlərini bizlərə göstərirdi. Şəhərin içinə tam daxil olmasaq da, dağıntılara görə onun “Ruhlar şəhəri” adlandırıldığını hər kəs bilir. Yol yoldaşlarımızın hamısının gedəcəyi son məkan Laçın deyildi. Səfərimizdə qürurlandığımız məqamlardan biri də bu idi ki, irəlilədikcə bələdçi Əsgəranda, Xocalıda, Xankəndində, Şuşada enməli olan sərnişinlərə həmin əraziyə yaxınlaşdığımızı xəbər verir, çatdığımızda adi bir səfərin sonu kimi sərnişinlər enirdi. Bu təhlükəsizliyi bizlərə Müzəffər Ordumüzün 2023-cü ilin sentyabrında baş vermiş antiterror əməliyyatında qazandığı qələbəsi yaşadır. Artıq illərlə ağrılı yerimiz sayılan bu bölgələrə Azərbaycanımızın digər dilbər guşələri kimi təhlükəsiz səfər edə bilirik. İtkilərimiz yada düşdükdə kədərlənsək də, zəfərimizə görə qürurlanırıq. Sürətlə aparılan quruculuq işləri soydaşlarımızın dədə-baba yurduna qovuşma vaxtını yaxınlaşdırır. Xocalıda tikilmiş evlər və geri qayıdan soydaşlarımız hər şeyə rəğmən vətən sevgisinin, torpaq bağlılığının unudulmayacağını, əksinə izahı imkansız hiss ilə daha da arzulandığını dünyaya göstərir.
Səfərdə əsas niyyətimiz anamın İbiş babasının, Həmayil nənəsinin və Əzizə xalasının otuz il düşmən əsirliyində qalmış evini və məzarlarını ziyarət etmək idi. İlk dəfə getdiyim bu yerin bizlər üçün yüksək mənəvi dəyəti var idi. Çünki illərlə bu ziyarətin həsrətin çəkən, təəssüf ki, Laçına qovuşmadan dünyasını dəyişmiş insanlarımız çoxdur.
Təbiətin göz yaşları bizləri Xankəndindən başlayaraq qarşıladı. Sanki insanların sevincdən kövrəlməsinə təbiət də laqeyd qalmayaraq cavab verirdi. İyun ayında xoş istini müşayət edən bu yaz yağışını havanın ərköyünlüyündən daha çox qovuşmamızın müjdəçisi saymaq olardı. Şuşaya doğru irəlilədikcə yağış artmağa başlayırdı. Sanki həsrət bitir, əsirlikdən xilas olan doğmalarımıza qovuşacaqdıq. Şuşa-Laçın yolunun gözəlliyinin təsviri ayrı söhbət mövzusudur. Çünki Tanrının yaratdığı yaşıllıqlarla bəzənmiş bu daşları, qayaları, dolamalı yolları qısa anlatmaq günah sayılar.
İşğal dövründə sözü Osman Alıoğluna aid, Məhəbbət Kazımovun bəstələdiyi və ifa etdiyi “Laçınım mənim” mahnısı bəlkə də, əslən Laçından olanların qəlbinin səsinə çevrilmişdi. Uzun illər çoxları cismən gedə bilmədiyi o səfalı yerlərə ruhən pərvazlanaraq ziyarət etməyə çalışırdı:
Qartal olub göylərində uçum mən,
Bulaq olub gözlərindən süzüləm,
Yağış olub torpağına süzüləm,
Yaxıb yandıran Laçınım mənim.
Bu yanıqlı sətirlər hər kəsin arzularının kəlmələrlə ifadəsi idi. Ancaq artıq həmin arzuları reallaşdırmaq, həsrət alovunu söndürmək imkansız deyildir.
Laçına yağışın müşayətilə çatdıq. Göylər bizləri yurdumuzda sevinc yaşları ilə qarşıladı. Yerlilərin “bir gündə dörd fəslin əlamətilə qarşılaşırıq” dedikləri təbiət gözəlliyinin təsviri imkansızdır. Şəhərin hər bir küçəsi, hər bir məhəlləsi mənzərəsilə insanı valeh edirdi.
Yağışın müşayətilə ilk ziyarət etdiyimiz məkan İbiş dədəmizin ocağı oldu. Hər zaman anamdan bu evin təsvirini eşitmişdim. Doğulduğu və uşaqlığının keçdiyi bu evi onun arzusunu yerinə yetirərək ziyarət etmək istədik. Təəssüf ki, yüz ildən çox yaşı olan ev tamamilə dağılmış, əvəzində yol çəkilmişdi. Burada təkcə ev dağılmamışdı, illərin xatirələri, yaşanan keçmiş viran qalmışdı.
Xatirələri canlandırmaq üçün ot basmış həyəti, ağacları bir-bir nəzərdən keçirdik. İbiş dədənin zamanında əkilmiş bəzi ağaclar hələ də qalırdı. Həyətin giriş qapısı dağıdılmış, lakin girişdə əkilmiş akasiya ağacları dururdu. Həyətdəki qoz ağacını da dədəm əkmişdi. Gövdəsi cadar-cadar olsa da, yenə də bar gətirmişdi. Həyət anladılması imkansız olan bir güclə bizi özünə çəkirdi.
Bir müddət həyətdə gəzərək o illəri bizlərə xatırladacaq mənzərəni axtardıq. Dağılanlara təəssüfləndik, qalanlar bizləri qısa da olsa keçmişə apardı. İllər sonra düşmən əsirliyindən qurtulmuş yurda ziyarətimizlə sanki doğmalarımızın ruhu şad idi və bunu sevinc göz yaşlarını xatırladan yağış qətrələrilə bizlərə anladırdı.
Yağışın müşayətilə doğmalarımızın məzarlarını ziyarətə gedərkən bir daha erməni vandalizminin şahidi olduq. Burada düşmən məzarların üzərindəki şəkilləri qoparmış, yazıları təhrif etmiş, oxunmaz hala salmışdı. Hər şeyə baxmayaraq, artıq məzarlıqlarımız da əsirlikdən qurtulmuşdu.
Laçına gəlişimiz və ayrılmamız qeyri-adi təbiət dəyişkənliyilə müşayət olundu. Biz həsrətə son qoymaq üçün doğmalarımızın yurdunu və məzarlarını ziyarətə getmişdik. Bu müddət ərzində yağan sakit yağış sanki göz yaşına bənzəyərək bizlərə illər sonra əsirlikdən qurtulmuş ruhlarla qovuşmamızı anladırdı. Laçından ayrıldığımız gün isə bunun tam əksinə, doğan qızmar günəş illərin acısına son qoyaraq bizlərə narahat ruhların rahatlıq tapmasını bildirirdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə bu azadlığı və bütövlüyü xalqımıza yaşadan Müzəffər Azərbaycan Ordusunu Tanrı qorusun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Ülkər Zakirqızı
Filologiya elmləri doktoru
13:40 16.06.2025
Oxunuş sayı: 1768