Ukrayna lideri Trampla görüşmək istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski bu ay Kanadada keçiriləcək G7 Liderlər Sammitində ABŞ Prezidenti Donald Trampla görüşmək istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə Almaniyanın müdafiə naziri Boris Pistoriusla Kiyevdə keçirilən birgə mətbuat konfransında açıqlama verib.
Görüşdə tərəflər Rusiya-Ukrayna müharibəsindəki vəziyyəti və Ukraynanın cəbhə ehtiyaclarını müzakirə ediblər.
Ukrayna Prezidenti Almaniyaya dəstəyinə görə təşəkkür edib və qeyd edib ki, Berlinin bu il ayırdığı maliyyə yardımı 7 milyard avroya çatıb.
O, həmçinin Almaniya ilə uzaqmənzilli silahların birgə istehsalı sahəsində əlavə investisiyaların nəzərdən keçirildiyini açıqlayıb.
Zelenski G7 Sammitinə dəvət aldıqlarını təsdiqləyib və bildirib ki, orada Trampla görüş baş tutarsa, iki ölkə arasında koordinasiyanın səviyyəsini daha aydın görmək mümkün olacaq:
“Ümid edirəm ki, ABŞ Prezidenti Donald Trampla görüşümüz baş tutacaq. Həmin vaxta qədər konkret qərarlar verilməsə belə, bu görüş onların nə qədər yaxın olduğunu göstərmiş olacaq”.
22:26 12.06.2025
Oxunuş sayı: 1401