“Əvvəlki illərlə müqayisədə bu il sualların mətnləri daha uzun, məntiqi quruluşu daha mürəkkəbdir” - Ekspert

2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanları ictimaiyyətin geniş müzakirəsinə səbəb oldu. Hər il on minlərlə abituriyentin taleyini müəyyən edən bu imtahanlar təhsil sisteminin əsas göstəricilərindən biri hesab olunsa da, il ildən çətinləşir və hər il imtahan sualları ciddi müzakirələrə səbəb olur. Xüsusilə bəzi fənlər üzrə təqdim edilən test tapşırıqlarının abituriyentlərin real bilik və bacarıqlarına uyğun olub-olmaması geniş tənqidlərə yol açdı və imtahanların məqsədyönlülüyü barədə suallar yaratdı.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Crossmedia.az-a açıqlama verib:
“2025-ci il ali təhsil müəssisələrinə qəbul üzrə keçirilmiş imtahanların gedişi əvvəlki illərlə müqayisədə bir sıra fərqlərlə yadda qaldı. Xüsusilə bəzi fənlər – tarix, riyaziyyat və ədəbiyyat – üzrə təqdim olunan test tapşırıqları həm abituriyentlər, həm müəllimlər, həm də təhsil ekspertləri tərəfindən çətinlik və məzmun baxımından kəskin tənqid edildi. Sosial şəbəkələrdə yayılan çoxsaylı şikayətlər, apelyasiya müraciətlərinin sayının artması və sualların bəzilərinin mübahisəli olması imtahanın pedaqoji məqsəd və öyrədici funksiyalarından daha çox “seçici və ələyici” xarakter daşıdığını göstərdi. Əvvəlki illərlə müqayisədə bu il sualların mətnlərinin daha uzun, məntiqi quruluş baxımından daha mürəkkəb və bəzi hallarda kurikulumdan kənara çıxan nümunələrlə zəngin olduğu müşahidə edildi. Məsələn, tarix fənni üzrə təqdim olunan bəzi sualların yalnız faktoloji bilik yox, həm də dərindən analiz və spesifik kontekstual bilik tələb etməsi, standart məktəb tədrisindən daha çox əlavə hazırlıq səviyyəsində tərtib olunması aydın göründü. Riyaziyyat üzrə suallar isə struktur baxımından bir neçə addımlı düşüncə gedişi tələb etdiyindən, vaxt baxımından abituriyentlər üçün ciddi çətinlik yaratdı”.
Ekspert əvvəlki illərdə imtahanların çətinlik səviyyəsi ilə bu ilki imtahanları müqayisə edib:
“Qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzi imtahan modelini təkcə bilik yoxlamaq üçün deyil, eyni zamanda bacarıqları qiymətləndirmək üçün tətbiq etdiyini bildirir. Lakin bu yanaşmanın reallıqla uyğunluğuna dair suallar artır. İmtahanlar təkcə yüksək bal toplamaq üçün deyil, abituriyentlərin sistemli şəkildə öyrəndiklərini tətbiq edə bilməsini yoxlamalıdır. Əgər orta məktəb proqramı üzrə verilmiş biliklər imtahanda tətbiq edilə bilmirsə, bu ya proqramın keyfiyyəti, ya da imtahanın dizaynı ilə bağlı problemlərə işarədir. Belə olan halda şagird məktəbi yox, repetitoru əsas bilik mənbəyi kimi görür. Əvvəlki illərə baxdıqda, məsələn, 2022 və 2023-cü illərdəki test modelləri daha balanslı idi – yəni həm asan, həm orta, həm çətin səviyyəli sualların nisbəti abituriyentin psixoloji davamlılığını qoruyur, ümumi nəticələrin ədalətli bölgüsünü təmin edirdi. Bu il isə bir çox abituriyentlərin ortaq fikri ondan ibarətdir ki, testlərin çətinlik səviyyəsi qeyri-proporsional olaraq yüksəldilib, bu da yalnız “yüksək hazırlıqlı” bir təbəqənin fərqlənməsinə şərait yaradıb. Bu yanaşma isə ali təhsildə inklüzivlik və geniş iştirakçılıq prinsipinə ziddir”.
Kamran Əsədov imtahan prosesində gündəmə gətirilməli məsələlərdən danışıb və təkliflər irəli sürüb:
“İmtahanların qiymətləndirmə mexanizmi də müzakirə mövzusudur. Apelyasiya prosesinin şəffaf olmaması, yalnız cavab açarına istinad edilməsi və şagirdlərin əsaslandırılmış izah alma imkanının məhdudluğu – bunlar abituriyentin hüquqlarının təhsil haqqında qanunvericiliklə qorunmasına ziddir. “Təhsil haqqında” Qanunun 18.3-cü maddəsinə əsasən, qiymətləndirmə obyektiv, şəffaf və ədalətli olmalı, imtahan iştirakçısının hüquqlarını qorumağa yönəlməlidir. Lakin faktiki vəziyyət bu prinsiplərin kağız üzərində qaldığını göstərir.
Bu vəziyyətlə bağlı bir neçə təklif və tövsiyə irəli sürmək olar:
1.İmtahan modelinə yenidən baxılmalı, sual bankı müəllim və ekspert rəyinə əsaslanaraq sistemli şəkildə qurulmalıdır. Yalnız kurikulumda olan biliklər deyil, həmin biliklərin necə tətbiq olunacağı da əvvəlcədən aydınlaşdırılmalıdır.
2.Çətinlik səviyyəsinin balansı bərpa edilməlidir. Testlərin təxminən 20%-i asan, 60%-i orta və 20%-i çətin səviyyəli olmalıdır ki, həm zəif, həm orta, həm də güclü səviyyəli abituriyentlər imtahanda nəticə göstərə bilsin.
3.Açıq suallı modellərə mərhələli keçid planlanmalıdır. Test əsaslı sistem şagirdin məntiqi və analitik düşüncə tərzini tam əks etdirmir. Yazılı cavab, esse, şərh və interpretasiya əsaslı modellər həm universitetə, həm də əmək bazarına uyğun düşünmə qabiliyyətinin formalaşmasına xidmət edər.
4.Apelyasiya prosesi ictimai nəzarətə açıq olmalı, şagirdlərə cavabların səbəbləri izah edilməlidir. Əks halda, bu proses formalaşmış bürokratik mexanizm olaraq şagirdin hüquqlarını deyil, sistemin özünü qorumağa xidmət edir.
5.Məktəb təhsilinin imtahanda əsas baza kimi qalması təmin olunmalıdır. Əgər repetitor olmadan 600 bal toplamaq qeyri-mümkündürsə, bu, təhsildə bərabərlik prinsipinin pozulması deməkdir”.
Ayhan Ağarzayev
16:40 29.05.2025
Oxunuş sayı: 1174