AQUPDK-nin 2024-cü il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub



Mayın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, komitənin sədri Hicran Hüseynova iclasın gündəliyinə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının daxil edildiyini söyləyib.
Hicran Hüseynova bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisə təqdim olunur. O, Azərbaycanın gender bərabərliyinin təminatı sahəsində beynəlxalq konvensiyalara qoşulduğunu, ölkə Konstitusiyasında və qəbul edilən qanunlarda kişilər və qadınlar üçün bərabər hüquq və imkanların təsbit olunduğunu, bu sahədə bir çox uğurların əldə edildiyini deyib. Komitə sədri vurğulayıb ki, 30 il əvvəl qəbul olunmuş, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər eyni hüquq və azadlıqlara malik olması öz əksini tapıb və bununla demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb, ictimai-siyasi həyatın bütün sahələrində gender bərabərliyi təmin olunub. O, Prezident İlham Əliyevin gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm sənədlər imzaladığını xüsusi qeyd edib, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə xidmətlərini yüksək qiymətləndirib.
Gender bərabərliyi sahəsində dövlət siyasətindən söhbət açan Hicran Hüseynova ölkəmizdə qəbul olunan qanunların qadınların istənilən sahədə fəaliyyət göstərməsini təşviq etdiyini deyib, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, müasir çağırışlara uyğun atılan addımları, o cümlədən Ailə Məcəlləsinə, Əmək Məcəlləsinə, digər qanunvericilik aktlarına edilən müvafiq dəyişiklikləri diqqətə çatdırıb.
Hicran Hüseynova ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamikanın müşahidə edildiyini söyləyib. Qeyd edib ki, illik hesabatda bununla bağlı verilən məlumatda idarəetmə və qərar qəbuletmə sahəsində qadınların iştirakçılığının artması ilə bağlı göstəricilər əks olunub. Belə ki, inzibati vəzifələri icra edən, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə hakim qadınların sayının hər il artdığı müşahidə olunur. O, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işin görüldüyünü, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edildiyini, həmçinin gender əsaslı və məişət zorakılığının aradan qaldırılması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi üçün lazımi normativ-hüquqi aktların qəbul olunduğunu, bu sahədə qurumlararası əlaqələndirmə mexanizminin yaradıldığını bildirib. Habelə, nikah yaşının azaldılması, qohum nikahlarının qarşısının alınması ilə bağlı atılan addımlardan danışıb.
Komitə sədri illik məlumatda ilk dəfə olaraq iqlim dəyişikliyi və gender bərabərliyinə dair bölmənin yer aldığını deyərək, ötən il Azərbaycanın COP29 konfransına yüksək səviyyədə ev sahibliyi etdiyini, tədbirdə mühüm qərarların, o cümlədən gender məsələləri ilə əlaqədar bir sıra vacib sənədlərin qəbul edildiyini vurğulayıb.
Hicran Hüseynova illik məlumatı yüksək dəyərləndirərək, onun peşəkar səviyyədə tərtib edildiyini, bütün sahələr üzrə ətraflı təhlil aparıldığını, təklif və tövsiyələrin hazırlandığını, əldə edilmiş uğurlu nəticələrin və qarşıda duran vəzifələrin əks olunduğunu bildirib.
Sonra iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edib. O, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası sahəsində görülən işlər barədə illik hesabatın hazırlandığı zaman qurumlararası əməkdaşlıqdan bəhs edib. Gender bərabərliyinin təmin edilməsinə dair bu sahəyə məsul şəxslər üçün seminarların keçirildiyini deyib. Hesabatda yer alan göstəricilərdə müsbət dəyişikliklərin olduğunu, o cümlədən qadınların yüksək vəzifələrə təyin olunması, hüquq-mühafizə, prokurorluq orqanlarında, digər qurumlarda iştirakçılıq faizinin artdığını söyləyib.
Sədaqət Qəhrəmanova hesabatda əldə edilən nailiyyətlərlə bağlı geniş məlumatların da əks olunduğunu deyib. O, həmçinin qarşıda duran vəzifələrdən bəhs edərək, dövlət qurumları ilə yanaşı, qeyri-dövlət müəssisələri ilə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı müzakirələrdə komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, Könül Nurullayeva, Sevinc Hüseynova, Ülviyyə Ağayeva, Səbinə Xasayeva, Mehriban Vəliyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, illik məlumatı yüksək dəyərləndiriblər. Onlar gender bərabərliyinin təmin edilməsində qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini vurğulayıb, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini deyiblər. Çıxış edənlər ölkənin ictimai həyatında qadınların rolundan söz açıb, gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində görülən işləri təqdirəlayiq hesab ediblər. Deputatlar bir sıra qeyd və təkliflərini də səsləndiriblər.
Parlamentin komitə sədri Hicran Hüseynova, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışlarda səsləndirilən fikirlərə münasibət bildirib, sualları cavablandırıblar.
Müzakirələrin yekununda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
18:12 21.05.2025
Oxunuş sayı: 703