3+3 formatı öz aktuallığını itirir - Ekspert
Cənubi Qafqazda son vaxtlar müşahidə olunan nisbi sabitlik fonunda regional əməkdaşlıq mexanizmlərinin yenidən gündəmə gətirilməsi diqqət çəkir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışı zamanı regionda vəziyyətin yaxşılaşdığını vurğulayaraq, “3+3” formatında əməkdaşlığın bərpasının vacibliyini qeyd edib. O bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və üçtərəfli işçi qrupunun razılaşmaları regional sabitliyin və iqtisadi inteqrasiyanın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, 3+3 formatı aktuallığını itirir, Cənubi Qafqazda yeni geosiyasi mərhələ başlayır:

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin birgə təklifi olan 3+3 formatı irəli sürüldü, lakin İran buna qarşı çıxdı, Gürcüstan isə ümumiyyətlə qoşulmadı. Son 3-4 il ərzində 3+3 formatı gündəmdə qaldı.
Lakin indi geosiyasi şərtlər dəyişib. ABŞ Zəngəzur tranzit marşrutuna artıq nəzarət edəcək. Cənubi Qafqazda yeni siyasi proseslər formalaşır.
Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu azalır. ABŞ isə 3+3 formatının optimallaşdırılması və inkişafında, ümumiyyətlə, belə bir sistemin qurulmasında maraqlı deyil.
Son 3-4 ildə belə bir şans var idi, amma Rusiya o şansları əldən verdi, sülhə imkan vermədi. ABŞ vasitəçiliyi ilə regionda sülh təmin olunub. Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, Ermənistanla tranzit nəqliyyat əlaqələri üzrə qarşılıqlı məhdudiyyətlər artıq aradan götürülüb.
Rusiya 3+3 formatının təmin olunmasında maraqlıdır, amma düşünürəm ki, artıq geosiyasi şərtlər buna uyğun deyil. Azərbaycan bundan sonra daha çox ikitərəfli formatda və həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə birgə hərəkət edəcək”.
Fidan Qarayeva
22:38 06.11.2025
Oxunuş sayı: 1452