İnsanlar Çin istehsalı olan avtomobilləri almağa davam edəcək - Ekspert
Son illərdə Çin istehsalı elektrikli avtomobillər (EV) dünya bazarında sürətlə yüksəlir. 2024-cü ildə Çin şirkətləri qlobal satışların 60%-ni təşkil edərək, Tesla kimi nəhəngləri geridə qoydu. Xüsusilə BYD 3 milyon ədəd avtomobil sataraq, dünyanın ən böyük EV istehsalçısına çevrildi. Ucuz qiymət, texnoloji yeniliklər və dövlət dəstəyi bu artımın əsas səbəbləridir. Bununla yanaşı, Çin avtomobillərinin keyfiyyəti və etibarlılığı ilə bağlı fərqli fikirlər mövcuddur – bəziləri onları “kağızdan maşın” adlandırır, bəziləri isə “yaşıl inqilabın simvolu” sayır. Çin hökumətinin milyardlarla dollarlıq subsidiyaları və batareya texnologiyasında lider mövqeyi, bu avtomobilləri əlçatan edib. BYD, NIO və XPeng kimi markalar avtonom sürmə sistemləri, uzunmüddətli batareyalar və qənaətcil enerji sərfiyyatı ilə fərqlənir. Avropa və ABŞ-da bu modellərə maraq artmaqda davam edir, baxmayaraq ki, bəzi ölkələr onları rəqabət təhlükəsi sayaraq gömrük rüsumları tətbiq edir. Lakin bu avtomobillərə qarşı tənqidlər də var. Belə ki, tənqidlər əsasən keyfiyyət və təhlükəsizliklə bağlıdır. Bəzi modellərdə batareya nasazlıqları və elektron sistem problemləri qeyd olunur. Bununla belə, son illər keyfiyyət göstəriciləri yüksəlir – Zeekr 001 və BYD Seal kimi modellər Avropada 5 ulduz təhlükəsizlik reytinqi qazanıb. Bir digər məsələ isə Azərbaycanda 2021-ci ildən tətbiq olunan ƏDV güzəştinin 2026-cı ilin yanvar ayında ləğv edilməsidir. Maraqlıdır bu güzəştin ləğvi avtomobil bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, nəqliyyat məsələləri üzrə ekspert Orxan Sabiroğlu Crossmedia.az-a açıqlama verib: “Çin istehsalı avtomobillər cəmiyyətdə fərqli fikirlər yaratdı. Demək olar ki, insanlar bir neçə qrupa bölündü. Alanlar da oldu, heç vaxt almaram deyənlər də. Tərəddüd içində qalıb hələ də almağı düşünənlər də var. Bunun da səbəbi bu avtomobillər haqqında fikirlərin fərqli olmasıdır. Bu avtomobillərin necə olacağını bizə yalnız zaman göstərəcək. İndiki vəziyyətdə kütləvi olaraq heç bir problem yoxdur, kifayət qədər yürüşü olan avtomobillər də mövcuddur. Qeyd etdiyim kimi, bu avtomobillər haqqında fikirlər fərqlidir. Bəzən həqiqətə uyğun fikirlər olsa da əsassız sözlər də çoxdur. Düşünürəm ki, bu bəzi insanlar tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir. Çin istehsalı böyük, qlobal markaların avtomobilləri kifayət qədər uğurludur deyərdim hətta. Həm qiymət, həm keyfiyyət nisbətində ən optimal variantlardandır. Bu da insanların kütləvi şəkildə bu avtomobilləri almasına səbəb olur”.

Ekspert həmçinin qeyd edib ki, yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) güzəştinin müddəti başa çatır. Bununla yanaşı Çin höküməti də avtomobil istehsalçıları ilə bağlı qərarları da dəyişir: “Orada istehsalçılara subsidiyalar tətbiq olunurdu. Və bu qiymətlərin aşağı olmasına səbəb idi. Son dəyişikliklərlə birlikdə avtomobillərin qiymətlərinin qalxması qaçılmazdır, nəticədə alıcılığa da təsir edəcək. Lakin mənim fikrimcə, insanlar yenə bu avtomobilləri almağa davam edəcək. Çünki qalxmış qiymətlərlə belə yenə də ən uyğun qiymətlər məhz bu markalarda olacaq”.
Ayhan
20:33 06.11.2025
Oxunuş sayı: 1749