Media savadlılığı orta məktəblərdə tədris edilməlidir – BDU-nun dekanı
                                            “Əsas məqsəd mediada aparılan işin məqsədyönlü, düzgün və obyektiv olmasıdır”.
Crossmedia.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, bu fikirləri “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirilən konfransda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu səsləndirib.
O bildirib ki, XXI əsr dəyərlər savaşının getdiyi bir əsrdir:
“Biz hamımız dəyərlər uğrunda mübarizənin aparıldığı bir dövrdə yaşayırıq. Yalnız o xalq bu savaşı uğurla keçə bilər ki, öz dəyərlərinə sahib çıxa bilsin. Statusumuzdan, vəzifəmizdən, yaşımızdan asılı olmayaraq, hər birimiz bu dəyərlər uğrunda mübarizə aparmalı və gələcək nəsillərə onları tanıtmaq məsuliyyətini daşımalıyıq”.
Vüqar Zifəroğlu qeyd edib ki, belə bir prosesdə medianın üzərinə böyük məsuliyyət düşür:
“Təbii ki, media nəzəriyyəçilərinin də üzərinə ciddi vəzifə qoyulur. Gender bərabərliyi və medianın rolu məsələsində alimlərimiz mühüm işlər görüblər. 2021-ci ildə Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə gender bərabərliyi və jurnalistika mövzusunda çox faydalı bir metodik vəsait hazırlanmışdı. Həmin vəsaitdə uşaq jurnalistikası, qadın mövzularının işıqlandırılması, kriminal xəbərlərdə etik meyarlar kimi mühüm məsələlər öz əksini tapmışdı”.
Vüqar Zifəroğlu vurğulayıb ki, media savadlılığı yalnız jurnalistlər üçün deyil, bütün cəmiyyət üçün vacibdir:
“XXI əsrin insanının media savadı olmalıdır. Sosial media, informasiya müharibəsi, dezinformasiya artıq gündəlik həyatımızın bir hissəsidir. Azərbaycana qarşı aparılan informasiya müharibəsində çox vaxt qadınlarımız və uşaqlarımız hədəf seçilir. Buna görə bu məsələyə son dərəcə həssas yanaşmaq lazımdır”.
O vurğulayıb ki, media savadlılığı məktəblərdə tədris olunmalıdır.
“Bu, artıq zərurətdir. Türkiyənin bu sahədə çox gözəl təcrübəsi var, onlar 1970-ci illərin ortalarından, İngiltərədə isə 1940-cı illərin sonlarından bu dərsləri keçirlər. Niyə də bizdə olmasın?! Əgər bu təcrübə bizdə də tətbiq olunsa, insanlar informasiyanı necə dəyərləndirməyi və düzgün qəbul etməyi daha yaxşı anlayacaqlar”, – deyə dekan bildirib.
13:50 04.11.2025
Oxunuş sayı: 1671