Politoloq: Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır
Rusiyadan Ermənistana taxılın ilk dəfə Azərbaycan ərazisindən tranzit edilməsi regionda yeni siyasi vəziyyətin formalaşdığını göstərir. Uzun illər davam edən blokadanın tədricən yumşalması həm regional sabitlik, həm də iqtisadi inteqrasiyanın güclənməsi üçün yeni imkanlar yaradır. Azərbaycan tərəfindən tranzit razılığının verilməsi ölkənin sülh və əməkdaşlıq xəttini dəstəklədiyini nümayiş etdirir. Bununla belə, regionun gələcək siyasi mənzərəsi Ermənistanın bundan sonrakı davranışından və yekun sülh razılaşmasına yanaşmasından asılı olacaq. Zəngəzur dəhlizinin açılması, sərhədlərin tam şəkildə açılması və nəqliyyat xətlərinin bərpası prosesin əsas mərhələlərindəndir. Hazırda Ermənistanda gözlənilən parlament seçkiləri prosesə təsir edən amillərdən biridir və bu səbəbdən yaxın dövrdə qərarların tempinin dəyişə biləcəyi ehtimal olunur.
Mövzu haqqında Politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

O, hadisəni Cənubi Qafqazda yeni dövrün başlanğıcı kimi dəyərləndirir: “Azərbaycan tranzitə icazə verməklə bütün dünyaya göstərdi ki, Ermənistanla kommunikasiya məsələsində maneələri yaradan o deyil. Azərbaycan öz ərazisindən Ermənistana yüklərin daşınmasına icazə verib. Bununla da göstərib ki, Azərbaycanın Ermənistanla bağlı heç bir problemi yoxdur, problem Ermənistan tərəfindədir. Bu, Ermənistanın uzunmüddətli blokadadan çıxması prosesinin başlanğıcıdır. Ermənistanın bundan sonra atacağı addımlar situasiyanın hansı istiqamətdə davam edəcəyini müəyyən edəcək. Baş nazir Nikol Paşinyanın təşəkkürü müsbət jest sayılsa da kifayət deyil”.
Ekspert vurğulayıb ki, regional əməkdaşlığın real şəkildə inkişaf etməsi üçün yekun sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması zəruridir: “Ermənistan bu istiqamətdə siyasi iradə nümayiş etdirə bilsə, Cənubi Qafqazda sabitlik və iqtisadi yüksəliş mərhələsi başlaya bilər. Lakin qarşıdan gələn parlament seçkiləri Paşinyan hökumətinin addımlarını məhdudlaşdırır. Bununla yanaşı, Rusiya regionda təsirini qorumağa çalışır və prosesə müxtəlif səviyyələrdə təsir göstərir”.
Fidan Bəhmənova
21:24 06.11.2025
Oxunuş sayı: 1285