“Gələcəkdə Robotlar İnsanlara Tabe Olmaya bilər” – Rafiq Əliyevin Fikirləri və Süni İntellektin Gələcəyi


Elm və texnologiya həvəskarlarını bir araya gətirən maraqlı bir tədbir təşkil olundu. “Süni İntellektin Emosiyaları” mövzusuna həsr olunmuş görüşdə əsas qonaq Corciya Universitetinin professoru, tanınmış alim və mərhum akademik Lütfi Zadənin yetirməsi olan professor Rafiq Əliyev idi. Tədbir klassik mühazirə formatında deyil, dialoq şəklində keçirildi. Açılışı sosioloq və yazar Sahib Altaylı etdi. Daha sonra o, professor Rafiq Əliyevə süni intellektin emosional qabiliyyətləri, texnologiyanın insan duyğularına təsiri və gələcəkdə qarşıya çıxacaq etik məsələlər barədə suallar ünvanladı. Professorun dərin elmi bilik və fəlsəfi yanaşma ilə verdiyi cavablar auditoriya tərəfindən maraq və diqqətlə qarşılandı.
Tədbirdə ən maraqlı məqamlardan biri, sosioloq və yazar Sahib Altaylının professor Rafiq Əliyevə ünvanladığı şəxsi və düşündürücü suallar idi. Onlardan biri isə xüsusilə diqqət çəkdi:
“Əksər elm adamları bir müddət sonra elmi yaradıcılığa görə pedaqoji fəaliyyətdən ayrılırlar. Məsələn, Albert Eynşteyni Paris Universitetinə dəvət etmişdilər. Orada cəmi 3 ay elektronikadan dərs deyir və universitetin rektorundan xəbərsiz ayrılır. Siz isə artıq ömrünüzün ahıl çağlarındasınız. İndiyə kimi həm pedaqoji fəaliyyətinizi, həm də elmi yaradıcılığınızı paralel şəkildə davam etdirmisiniz. Bu sizə edilən bir ilhamın nəticəsidir, yoxsa enerjinizin? Yaradıcılığa olan sevginizinmi nəticəsidir?”
Bu sual auditoriyada səssizlik yaratdı – çünki burada təkcə bir alimə deyil, eyni zamanda bir insanın həyat fəlsəfəsinə toxunulurdu. Sahib Altaylının da vurğuladığı kimi, bu sualın cavabı xüsusilə zalda əyləşən tələbələri daha çox maraqlandırırdı. Çünki onlar üçün həm elmə, həm də pedaqogikaya bağlı qalmağın mümkünlüyü və bu tarazlığın sirri olduqca düşündürücü idi. Professor Rafiq Əliyevin cavabı isə dərin bir daxili yolun və uzun illərin təcrübəsinin ifadəsi idi...
Professor Rafiq Əliyev cavab verməzdən əvvəl auditoriyanı səmimi şəkildə salamladı və tədbirə qatıldıqları üçün hər kəsə təşəkkür etdi. Ardınca isə sualın cavabında həm şəxsi mövqeyini, həm də elmin mahiyyətini dərindən ifadə edən fikirlərini bölüşdü:
“Elm elə bir şeydir ki, bəşəriyyəti həmişə çətinliklərdən çıxarıb. Mənim dostlarımın çoxu sənət adamlarıdır – Ramiz Rövşən, Kamal Abdulla, Anar və başqaları. Onlara da həmişə demişəm: ‘Ədəbiyyat gözəldir, o bizi formalaşdırır, zehnimizi təmizləyir, bizi dünyaya açır’. Amma gəlin bəşəriyyətin tarixinə baxaq – bütün o çətin dövrlərdə bizi ədəbiyyat çıxarıb, yoxsa elm?”
Bu məqamda professor xüsusilə vurğulayır ki, o qətiyyən ədəbiyyatın əleyhinə deyil. Əksinə, onu yüksək dəyərləndirir. Lakin həyatın taleyüklü anlarında, xüsusən pandemiya dövründə insanların ümid yerinin elm olduğunu xatırladır:
“Pandemiya dövründə hamının gözü orda idi ki, vaksin nə vaxt olacaq? Çünki həyat orda idi. Bəs vaksini kim düzəltdi? – Elm. Ona görə də mən sizin sualınıza cavab olaraq deyim ki, bizi elmə çəkən o daxili motivasiyanın özü məhz budur".
Professor sözlərinə davam edərək, elmin təhsildən ayrılmaz olduğunu xüsusi vurğuladı:
“Elm təhsilə söykənir. Elmi, təhsili olmayan millətin gələcəyi yoxdur. Arzum da budur ki, bizim bu tələbələrimiz oxusunlar. Amma belə saf, düz, yaxşı oxusunlar. Onlar bizi elmlə qaldırsınlar. Onlara uğurlar arzulayıram".
Bu səmimi və ruhlandırıcı çıxış zalda böyük alqışla qarşılandı.
Moderator Sahib Altaylı söhbəti daha da fəlsəfi səmtə yönəldərək professor Rafiq Əliyevə belə bir sual ünvanladı:
“İnsanın ilk yaradıcılıq təzahürü elm və sənətdən əvvəl fəlsəfə ilə başlayır. Maraqlıdır ki, sizin ömrünüzü həsr etdiyiniz fizika elmi də əvvəllər ‘təbiət fəlsəfəsi’ adlanırdı. Fəlsəfənin onurğa sütunlarından biri isə funksionallıqdır – sintez və antisintez prinsipi. Əslində həyatın digər sahələrində də canlılığın dialoqlar şəklində mövcudluğunu görürük: Tanrı–Şeytan, kişi–qadın, qara–ağ, təbii zəka–süni zəka, səlis məntiq–qeyri-səlis məntiq. Bu dialoqların fonunda ortaya iki yaradılış fikri çıxır. Birincisi, insan və digər canlılar mütləq bir Tanrı tərəfindən yaradılıb. İkincisi isə Tanrı insan ağlı tərəfindən maarifçilik hərəkatı dövründə irəli sürülmüş bir obrazdır.
İnanc məsələsini bir kənara qoysaq, əgər biz bu iki yanaşmanı da əsas götürsək, belə bir sual doğur: Əgər insan Tanrı tərəfindən yaradılıbsa, bu, Tanrının yaratdığı ilk süni intellekt hesab oluna bilərmi? Yox əgər Tanrı insan tərəfindən yaradılıbsa, o zaman Tanrı obrazını da insanın yaratdığı ilk süni intellekt adlandırmaq olarmı?”
Professor Rafiq Əliyev bu fəlsəfi sual qarşısında bir qədər gülümsəyərək cavab verir:
“Yaradıcı Tanrıdır. O yaradıb. Bu, bir aksiomdur.O ki qaldı insanın öz əli ilə yaratdığı süni intellektə – gəlin bir şeyi qəbul edək: süni intellekt insanı tam əvəz edə bilməz. Bəli, o, müəyyən rutin sahələrdə insanın yerini ala bilər. Ancaq yaradıcı insanı, ruhu olan insanı – onu süni intellekt heç vaxt əvəz edə bilməyəcək.
Heç bir robot, heç bir süni zəka həqiqi bir cərrahı, bacarıqlı bir həkimi əvəz edə bilməz. Təəssüf ki, bu gün Azərbaycanda robot cərrahiyyəsi yoxdur. Amma o sistemin də başında yenə insan dayanır.
Məsələn, süni intellektin yazdığı bir şeir var.Sadə, heç bir ruhu olmayan cızma-qaraya bənzəyirdi. Ruh yoxdur – və bu çox önəmlidir.
Bəli, gələcəkdə süni intellekt bizdən yüz dəfə daha ağıllı qərarlar çıxara bilər. Ancaq unutmamalıyıq ki, son qərarı yenə də insan verəcək. Çünki yaradıcı olan insandır".
Rafiq Əliyev çıxışının davamında süni intellektlə bağlı elmi ədəbiyyatda ciddi bir səhvə toxundu:
“Elm aləmində, akademik ədəbiyyatda süni intellektlə bağlı böyük bir səhv var. Siz Vikipediyaya girib baxsanız, orada yazılıb ki, süni intellekt 1956-cı ildə Makkarti adlı bir professor tərəfindən yaradılıb. Bu – 99.9% hallarda səhvdir.
1950-ci ildə Lütfizadənin bir məqaləsi çap olunub – Düşünən maşınlar. Bunu o yazıb. Əsasını qoyan da Lütfizadədir, Makkarti deyil.
Bu gün qlobal süni intellektin tərifi belədir: qlobal süni intellekt bərabərdir – düşünən maşınlar. Bəs bu “düşünən maşınlar” terminini kim yazıb? Lütfizadə".
Bizim filmlərdə tez-tez gördüyümüz bir şey var: süni intellekt əvvəlcə insana xidmət edir, sonra isə idarəni ələ almağa başlayır. Bəzən bu sadəcə bir fantaziya kimi görünür. Amma elə Rafiq Əliyevin bu görüş zamanı səsləndirdiyi fikirlər göstərdi ki, bu qorxuların arxasında elmi əsaslar da dayanır. O bildirdi ki:
“Mutləq bir gün gələcək, süni intellekt insanlara tabe olmayacaq. Çünki artıq onlarda dərin düşünmə qabiliyyəti formalaşır. Alimlər bunun üzərində işləyirlər. Deyirlər ki, bir açar olacaq və o açarla süni intellekt idarə olunacaq. Amma gələcəkdə o açarın da bir təsiri qalmaya bilər.
Artıq Amerikada və bir neçə Avropa ölkəsində süni intellektin inkişafını məhdudlaşdıran qanunlar qəbul olunub. Amma bu qərarları alimlər yox, siyasətçilər verir. Elə Eynşteyn də atom bombası düzəltmək istəmirdi. O, sadəcə bir kəşf etmişdi. Amma onu bomba halına gətirən siyasətçilər oldu".
Bu fikir auditoriyada təəccüblə qarşılandı. Çünki burada təkcə texnologiyanın gələcəyi deyil, həm də insanlığın gələcəyi ilə bağlı mühüm və düşündürücü bir məsələ ortaya qoyulurdu.
Nəhayət, tədbirin sonunda auditoriyaya söz verildi. Tələbələr və digər iştirakçılar professor Rafiq Əliyevə müxtəlif suallar ünvanladılar. O isə hər birinə diqqətlə və əhatəli şəkildə cavab verdi. Görüş artıq yekunlaşarkən, moderator Sahib Altaylı çıxış edərək hər kəsə iştiraka görə təşəkkür etdi. Bu görüş təkcə elmi və fəlsəfi suallarla dolu bir müzakirə deyildi – həm də gənc zehinlər üçün düşüncə yollarını açan, motivasiya verən və gələcəyə baxışı formalaşdıran yaddaqalan bir an oldu.
21:59 19.05.2025
Oxunuş sayı: 469