Vahabzadə irsi türk dünyasını bir araya gətirdi


Şəki şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Bəxtiyar Vahabzadə yaradıcılığından danışıb. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunulur.
Konfransda TÜRKSOY-un Baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Raev Nadir Məmmədlini TÜRKSOY medalı ilə təltif edib.
Qeyd edək ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçisi Ufuk Turqaner, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel, Qırğızıstanın ölkəmizdəki səfiri Maksat Mamitkanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, eləcə də digər təşkilatların nümayəndələri, elm adamları, ziyalılar iştirak ediblər.
19:17 19.05.2025
Oxunuş sayı: 773