Ər-Riyadda Global Research Council-in 13-cü İllik Görüşü başlayıb — Azərbaycan Elm Fondu tədbirdə təmsil olunur





2025-ci il 18 may tarixində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində dünyanın aparıcı elmi fond və şuralarını bir araya gətirən Global Research Council-in (GRC) 13-cü İllik Görüşü öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki , tədbirdə Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova da iştirak edir. Görüş, elmi tədqiqatların qlobal səviyyədə əlaqələndirilməsi, davamlı maliyyə mexanizmləri, və elmi idarəetmədə şəffaflığın artırılması kimi məsələlərin müzakirəsinə həsr olunub.
Beş gün davam edəcək tədbirdə müxtəlif ölkələrdən gəlmiş nümayəndələr arasında fikir mübadiləsi, təcrübə paylaşımı və gələcək əməkdaşlıq imkanları üzrə dialoqların aparılması nəzərdə tutulur. Tədbir çərçivəsində Mehriban İmanova Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) və Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin (KACST) prezidentləri ilə görüşlər keçirib.
Görüşlərdə elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat proqramlarının həyata keçirilməsi, innovasiya və texnologiya sahəsində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Tərəflər elmin qloballaşması və regional tərəfdaşlıqların gücləndirilməsi istiqamətində birgə fəaliyyət imkanlarını yüksək qiymətləndiriblər.
13:05 19.05.2025
Oxunuş sayı: 734