Meloni Aİ-ABŞ danışıqlarına ev sahibliyi etdi

- İtaliyanın baş naziri Giorca Meloni bazar günü Romada Avropa İttifaqı və ABŞ liderlərini bir araya gətirib. Görüşdə əsas mövzular Ukrayna, ticarət və müdafiə sahəsində əməkdaşlıq olub.
Danışıqlarda Avropa Komissiyasının sədri Ursula Von der Leyen və ABŞ-ın vitse-prezidenti Cey Di Vens iştirak ediblər. Von der Leyen bu görüşü Aİ və ABŞ arasında beynəlxalq münasibətlərdə mümkün “yeni başlanğıc” adlandırıb. Vens isə Avropanı “vacib müttəfiq” kimi dəyərləndirib, lakin ticarət məsələlərində fikir ayrılıqlarının mövcud olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Von der Leyen iki tərəf arasında ildə 1,5 trilyon dollardan çox ticarət dövriyyəsinin olduğunu vurğulayıb. “Əgər təfərrüatlar çətindirsə də, hər iki tərəf üçün faydalı razılaşma əldə etmək niyyətindəyik”, – deyə o bildirib.
Görüşdə Ukrayna da müzakirə olunub. Von der Leyen Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin dayandırılması istiqamətində göstərdiyi səylərə görə ABŞ-a təşəkkür edib və qarşıdakı həftənin bu baxımdan əhəmiyyətli olacağını söyləyib.
Müdafiə məsələsinə toxunan Von der Leyen Aİ-yə üzv dövlətlərin bu sahəyə daha çox sərmayə qoymalı olduğunu qeyd edib. O, Avropa Komissiyasının dörd il ərzində müdafiə sahəsinə 800 milyard avro ayıracağını açıqlayıb.
Qeyd edək ki, bazar günü səhər Giorca Meloni, Ursula Von der Leyen və Cey Di Vens Vatikan şəhərində Papa XIV Leo-nun andiçmə mərasimində də iştirak ediblər.
Zəhra Ağayeva
13:40 19.05.2025
Oxunuş sayı: 449