Türküstan İslam Partiyası Suriyada yeni orduya daxil edildi

Suriyada fəaliyyət göstərən radikal silahlı qruplardan biri – Türküstan İslam Partiyası (bu təşkilat Qazaxıstan və Tacikistanda qadağan edilib) Suriya Müdafiə Nazirliyinin bəyanatından sonra 84-cü diviziya adı ilə yeni yaradılmış Suriya ordusuna daxil edilib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Suriya Müdafiə Nazirliyi bir neçə gün əvvəl bəzi silahlı qrupların hələ də dövlət ordusuna inteqrasiya olunmadığını açıqlamışdı. Bu bəyanatdan sonra bir sıra müxalif silahlı birləşmələr, o cümlədən radikal mövqeyi ilə tanınan Türküstan İslam Partiyası hökumət qüvvələri ilə razılaşaraq rəsmi ordu tərkibinə daxil edilib. Yeni ordu strukturu daxilində bu qrup 84-cü diviziya adı ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Türküstan İslam Partiyası əsasən uyğur mənşəli döyüşçülərdən ibarətdir və uzun illərdir Suriyada müxtəlif bölgələrdə fəaliyyət göstərir. Onun dövlət ordusuna inteqrasiyası bölgədəki silahlı qüvvələrin yenidən təşkilatlanmasının bir hissəsi kimi qiymətləndirilir.
Fatimə Nəbiyeva
09:41 19.05.2025
Oxunuş sayı: 862