Ruminiyada prezident seçkilərinin ikinci turunda sürpriz nəticə: Simion liderliyi ələ aldı

Ruminiyada keçirilən prezident seçkilərinin ikinci turunda ilkin nəticələr və sorğu məlumatları siyasi arenada ciddi rezonans doğurub. Avangarde sosioloji institutunun hazırladığı ilk sorğu nəticələrinə əsasən, Buxarestin liberal meri Nikuzor Dan 54,9% səslə lider olub. Onun əsas rəqibi, ultrasağ görüşləri ilə tanınan və Ukraynaya qarşı mövqeyi ilə seçilən George Simion isə 45,1% səs toplayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, seçici fəallığı ölkə üzrə çox yüksək olub — təxminən 65 faiz. Bu göstərici son 5 prezident seçkisi ilə müqayisədə rekord sayılır. Belə ki, Ruminiyada son 5 prezident seçkilərinin ikinci turunda ən yüksək seçici fəallığı 64,72 faiz təşkil edib. İlk turda 20 faiz fərqlə qalib gələn Simion bu dəfə seçici fəallığı səbəbindən geridə qalıb. Lakin bu, Simionun özünü qalib elan etməsinə mane olmayıb.
Ruminiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 4,3 faizinin sayıldığını açıqlayıb. İlkin rəqəmlərə görə, ultrasağ müxalifət lideri George Simion 52,86% səslə liderliyi ələ alıb. Bu nəticə əvvəlki exit-poll proqnozları ilə ziddiyyət təşkil edir və seçkilərin yekun nəticələrinin daha da maraqlı və gərgin olacağını göstərir. Hazırda seçki məntəqələrində səslərin sayılması davam edir və rəsmi nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Fatimə Nəbiyeva
09:01 19.05.2025
Oxunuş sayı: 619