Zelenski və ABŞ rəsmiləri Romada: İstanbuldakı danışıqlar, atəşkəs və sanksiyalar gündəmdə

Ukrayna Prezidenti Volodimir Zelenski Romada ABŞ-nin vitse-prezidenti Cey Di Vans və dövlət katibi Marko Rubio ilə görüş keçirdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Ukrayna-Rusiya münaqişəsinin diplomatik həlli yolları və atəşkəsin zəruriliyi müzakirə olunub.
Zelenskinin sözlərinə görə, danışıqlar zamanı İstanbuldakı sülh təşəbbüsləri də gündəmdə olub: “Rusiyanın real qərar vermə səlahiyyətinə malik olmayan aşağı səviyyəli heyət göndərməsi bu prosesə yanaşmalarını göstərir. Biz isə real diplomatiyaya hazır olduğumuzu bir daha təsdiqlədik və qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğuladıq”.
Prezident əlavə edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin əhəmiyyəti, ikitərəfli ticarət və müdafiə sahəsində əməkdaşlıq, döyüş meydanındakı vəziyyət və əsirlərin gələcəkdə mümkün mübadiləsi məsələləri də müzakirə edilib.
Zelenski görüşü ədalətli və davamlı sülhə nail olmaq üçün birgə addımların razılaşdırılması baxımından mühüm hesab edib.
Mədinə Cəlilova
21:25 18.05.2025
Oxunuş sayı: 629