Estoniya xarici işlər naziri: “Türkiyə bütün Avropanı qoruyur”

Estoniyanın xarici işlər naziri Margus Tsahkna Türkiyənin Antalyasında keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyənin Avropanın təhlükəsizliyində oynadığı strateji rolu yüksək qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə təkcə regionun deyil, eyni zamanda bütövlükdə Avropanın təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir:
“Türkiyə regional və Avropa təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır” – deyə Tsahkna vurğulayıb.
Estoniya və Türkiyə arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edən nazir hər il bir çox eston ailəsinin Türkiyəni təhlükəsiz və gözəl bir istirahət məkanı kimi ziyarət etdiyini bildirib. O, Türkiyəni Estoniyanın NATO çərçivəsindəki strateji tərəfdaşı adlandıraraq iki ölkə arasında hərbi texnika və müdafiə sahəsində çoxsaylı müqavilələrin imzalandığını xatırladıb. Nazir əlavə edib ki, bu müqavilələr Estoniya tarixində bağlanmış ən böyük müdafiə sazişlərindəndir.
“Biz əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. Türkiyə etibarlı tərəfdaşdır və Estoniya hərbi sahədə yaxşı planlaşdırılmış, müasir və etibarlı həllərə ehtiyac duyur” – deyə nazir qeyd edib.
Tsahkna onu da bildirib ki, gələn ildən etibarən Estoniya müdafiə büdcəsini ÜDM-in 5,4%-nə qədər artıracaq. Bu səbəbdən də ölkə müasir hərbi texnologiya ilə bərabərhüquqlu və çevik şəkildə təmin etməyə hazır olan partnyorlara ehtiyac duyur. O bu kontekstdə Türkiyənin önəmli və etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Bu açıqlamalar Estoniya ilə Türkiyə arasında artan strateji əməkdaşlığın, xüsusən də müdafiə sahəsində qarşılıqlı inamın göstəricisidir.
Nigar Yahyazadə
20:10 18.05.2025
Oxunuş sayı: 475