Donald Tramp Putinlə atəşkəs təşəbbüsünü müzakirə etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Crossmedia.az diplomatik mənbələrə istinadən xəbər verir ki, Tramp bu danışıqlarda Ukrayna müharibəsi ilə bağlı xüsusi şərtlərlə atəşkəs təşəbbüsü irəli sürmək niyyətindədir.
Məlumata əsasən, Trampın təklif etdiyi əsas müddəalar aşağıdakılardır:
Atəşkəs dövründə, xüsusilə Avropa ölkələri tərəfindən Ukraynaya silah tədarükü müvəqqəti dayandırılacaq.
Ukraynada səfərbərlik kampaniyasına fasilə veriləcək.
Bu tədbirlər tamhüquqlu danışıqlara hazırlıq mərhələsi kimi “sükut dəhlizi” rolunu oynayacaq.
Təklif olunan şərtlərə görə:
Rusiya ordusu Xarkov və Sumi vilayətlərindən çıxacaq.
Əvəzində Ukrayna qüvvələri Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən tanınan hissələrindən (DXR və LXR) geri çəkiləcək.
Bu şərtlər ilkin olaraq 2025-ci ilin aprelində müzakirəyə çıxarılmış baza planına əsaslanırdı. Lakin Rusiya tərəfinin mövqeyini sərtləşdirməsi səbəbindən gündəmdən çıxmışdı.
Kreml daxilində təşəbbüs hələlik qeyri-rəsmi səviyyədə qiymətləndirilsə də, bu addım Trampın münaqişənin həllinə yönəlik siyasi iradəsini nümayiş etdirdiyi kimi şərh olunur. Bununla belə, Moskvanın cavabının Brüssel və Kiyevin konkret mövqeyindən asılı olacağı qeyd olunur.
19:32 18.05.2025
Oxunuş sayı: 451