İsrail ordusundan Qəzza sakinlərinə xəbərdarlıq: Hazır olun! - gəlirik

İsrail ordusunun 2023-cü il 7 oktyabr tarixindən bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 53,339 nəfərə çatıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində 158 nəfər həlak olub.
Qəzzanın şimalındakı İndoneziya Xəstəxanasının direktoru Mərvan Əl-Sultan bölgədə çoxsaylı insanın dağıntılar altında qaldığını və xəstəxanadakı vəziyyətin fəlakətli olduğunu bildirib.
Qeyd edək ki, İsrailin tətbiq etdiyi blokada səbəbindən Qəzzada aclıq, susuzluq və dərman çatışmazlığı daha da dərinləşir.
İsrail ordusu eyni zamanda Qəzzanın “daimi işğalı” üçün təhlükəsizlik kabinetinin təsdiqlədiyi yeni planı həyata keçirdiyini açıqlayıb.
Ordu bölgəyə vərəqələr ataraq yeni quru əməliyyatlarına başlayacağını bildirib.
Şahidlərin sözlərinə görə, vərəqələrdə “Qəzza sakinləri, İsrail ordusu gəlir” ifadəsi yer alıb. “Times of Israel” nəşri bu addımın Qəzzanın daimi işğalı və əhalinin cənuba köçürülməsi mənasına gəldiyini yazıb.
Hazırda Qəzzada humanitar vəziyyət son dərəcə ağırdır. Əhalinin böyük bir hissəsi aclıq və susuzluqla üzləşib, səhiyyə müəssisələri isə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Aybəniz Səfərova
17:35 18.05.2025
Oxunuş sayı: 998