İtaliya Ukraynaya 400 zirehli texnika və peyk dəstəyi göndərir

İtaliya Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Il Messaggero” və “Defense Express” nəşrləri məlumat yayıb.
Yardım paketinə İtaliyanın M113 tipli tırtıllı zirehli transportyorların modernizə olunmuş versiyası olan “VCC-2 Camilino” texnikalarının daxil ediləcəyi gözlənilir.
“Il Messaggero” nəşri yazır ki, İtaliya eyni zamanda Ukraynaya əməliyyatların planlaşdırılması sahəsində dəstək məqsədilə peyk müşahidə sistemi ilə də yardım göstərə bilər. Lakin bu sistemlə bağlı əlavə detallar açıqlanmayıb.
“Defense Express”in məlumatına görə, “VCC-2 Camilino” ABŞ istehsalı olan M113A1 texnikasının İtaliya versiyasıdır və əlavə zirehli müdafiə, həmçinin açıq qüllə ilə təchiz olunub.
Mövcud açıq mənbələrə əsasən, vaxtilə İtaliya ordusu üçün 1 200-ə qədər M113 texnikası “VCC-2 Camilino” versiyasına modernizasiya edilə bilərdi. Bununla belə, bu texnikalar artıq uzun müddətdir İtaliya ordusunun aktiv silahlanmasında deyil – sonuncu on ədəd maşın dörd il əvvəl istismardan çıxarılıb.
“Defense Express” qeyd edir ki, Ukraynaya verilməsi planlaşdırılan təxminən 400 texnikanın hamısı döyüşə hazır vəziyyətdə olmaya bilər. Bir hissəsinin ehtiyat hissələr üçün istifadə olunacağı, digər hissəsinin isə əsaslı təmirə ehtiyac duyacağı ehtimal edilir.
18:42 18.05.2025
Oxunuş sayı: 560