Lavrov: “ABŞ-ın rolu ilə Ukrayna İstanbul danışıqlarına razılıq verdi”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı ABŞ-ın Ukrayna ilə bağlı danışıqlar prosesindəki müsbət rolunu vurğulayıb. Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda danışıqların bərpa olunması təklifi ABŞ-ın təsiri ilə Kiyev tərəfindən qəbul edilib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. “Sergey Lavrov ABŞ-ın müsbət rolunu qeyd edib. ABŞ-ın səyləri nəticəsində Kiyev Prezident Vladimir Putinin İstanbul danışıqlarının yenidən başlanması ilə bağlı təklifini qəbul etdi”, – deyə açıqlamada bildirilir.
Nazir əlavə edib ki, Moskva bu istiqamətdə amerikalı tərəfdaşlarla birgə əməkdaşlığı davam etdirməyə hazırdır. O, gələcəkdə də qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb və ABŞ ilə təmasların davam etdirilməsinin regionda sabitlik üçün əhəmiyyətli olduğunu bildirib.
Qeyd olunur ki, telefon danışığı ABŞ dövlət katibi Marko Rubionun təşəbbüsü ilə baş tutub. Danışıq zamanı tərəflər qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Fatimə Nəbiyeva
21:15 17.05.2025
Oxunuş sayı: 716