Parlamentari: “Ermənistan “Dəmir Yumruq”dan başqa dil anlamır"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddialara cavab verib.
O bildirib ki, mayın 15-də Ermənistanın Baş naziri Albaniyada Azərbaycanın İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk Qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib:
"Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır. Bunu sübut etmək üçün Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur"
A.Hacızadə deyib ki, Paşinyan Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır:
"Bunun əksini sübut etmək üçün Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir. Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir və Baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının Konstitusiyaya aidiyyəti yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində istinad olunan Ermənistan gerbinin belə özündə indiki Ermənistanın qonşularına ərazi iddialarını əks etdirdiyi də yaxşı məlumdur. Bununla, Ermənistanın hansı müqaviləyə qoşulmasından asılı olmayaraq, Konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı olan müddəanın saxlanılmasına hər vəchlə çalışılmasının nəyə xidmət etdiyi aydın olur".
XİN sözçüsü qeyd edib ki, bununla yanaşı, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabr antiterror tədbirlərinə qədər necə qondarma rejimə dəstək verdiyini, onu legitimləşdirməkdə davam etdiyini heç kim unutmayıb:
"Həmçinin 1991-ci ilin sərhədləri və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə izahat verməsi daha yaxşı olardı".
A.Hacızadə söyləyib ki, mütəmadi olaraq Ermənistan Konstitusiya Məhkəməsinin qərarlarına istinad edən Baş nazirə, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini, eyni məntiq və yanaşmanın məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı tətbiq etdiyini xatırlamaq kifayətdir:
"Xüsusən də məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsinin “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilməsi və onların dəyişilməz müddəalar olduğunun qeyd edilməsi, Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarından irəli gələn təhdidin miqyasını nümayiş etdirir".
Sözçü vurğulayıb ki, Ermənistan Baş nazirinin bu problemlərin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir:
"Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri, prosesi sülh sazişi ilə bağlamağa çalışması, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur".
Bu barədə Crosmedia.az-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli açıqlama verib.O açıqlamasında bildirib ki, Paşinyanın ictimai televiziyaya verdiyi müsahibədə səsləndirdiyi fikirlər faktiki olaraq, heç bir hüquqi əsası olmayan, konkret suallardan yayınmaq xarakteri daşıyan mülahizələrdən başqa bir şey deyil. Əvvəla, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almadığını bildirən Ermənistanın baş naziri ya hüquqi cəhətdən tamamilə savadsızdır, ya da ənənəvi qaydada danışdığı nağıllarla beynəlxalq ictimaiyyəti aldatmağı bacaracağını düşünür. Prinsip etibarilə, Ermənistan Konstitusiyasının preambula hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə qeyd olunur ki, 1989-cu ildə Ermənistan SSR-in Ali Soveti və həmin dövrdə Azərbaycan ərazisində formalaşdırılmış, qeyri-qanuni “Dağlıq Qarabağın Milli Şurası” adlı qurum Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar proses başladıb: “Bu, mahiyyət etibarilə Azərbaycan ərazilərinin ilhaqını nəzərdə tutan bir faktdır. Ermənistan Konstitusiyasının preambula hissəsində məhz bu bəyannaməyə istinad edilməklə, Azərbaycan torpaqlarının ilhaqı erməni xalqı qarşısında vəzifə kimi qoyulur. Bu, birinci ərazi iddiasıdır. Bundan başqa, Ermənistan Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı da ərazi iddiaları yer alır. Qondarma “soyqırımı” ilə bağlı bəyannamənin ikinci hissəsində Türkiyə əraziləri “Qərbi Ermənistan” adlandırılır. Bununla paralel olaraq, Ermənistan Konstitusiyasında — bu dəfə konstitusiyanın özündə, Ermənistan gerbi ilə bağlı hissədə — Türkiyənin Ağrı dağı “Ararat” kimi təqdim edilir. Bu da həmin ərazinin Ermənistanın tərkib hissəsi kimi göstərilməsi deməkdir. Bütün bunlar açıq-aşkar həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının irəli sürüldüyünü göstərir. Bu cür iddialar aradan qaldırılmadığı təqdirdə, Paşinyanın nə deməsindən asılı olmayaraq, həmin iddiaların mövcudluğu — de-fakto və de-yure səviyyədə — Ermənistan Konstitusiyası çərçivəsində davam etdirilir”.
Deputat qeyd edib ki, bu baxımdan da sülh sənədinin tələbləri ondan ibarətdir ki, bütün maneələr – o cümlədən qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması məsələsi aradan qaldırılmalıdır: “Hazırkı halda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü de-yure tanımasına mane olan bütün məqamlar aradan qaldırılmalıdır.P aşinyan bir məsələ ilə bağlı da yalan danışır və qeyd edir ki, guya Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almadığını bildirib. Bu isə tamamilə absurddur. Əgər Ermənistanın Konstitusiya Məhkəməsi bu qədər açıq-aşkar olan bir həqiqəti görmək istəmirsə, o zaman mənim qənaətimə görə, həmin məhkəməyə Ermənistanın superdövlət olduğu yalanını da qəbul etdirmək mümkündür. Hətta Ermənistan ərazilərinin Marsdan gələn hərbçilər tərəfindən işğal olunduğunu desələr belə, bu məhkəmə onu da qəbul edə bilər. Paşinyanın məntiqinə əsaslansaq, bu da mümkündür. Paşinyanın növbəti yalanı ondan ibarətdir ki, Ermənistan konstitusiyasında açıq şəkildə bildirilir: konstitusiya imzalanmış bütün dövlətlərarası və digər beynəlxalq sənədlərdən üstün sayılır. Yəni Ermənistan konstitusiyasının hüquqi qüvvəsi digər bütün hüquqi sənədlərdən daha yüksəkdir və bütün digər normativ aktlar, o cümlədən beynəlxalq sənədlər və dövlətlərarası müqavilələr Ermənistan konstitusiyasına uyğunlaşdırılmalıdır. Paşinyan isə deyir ki, razılaşdırılmış sülh sənədində qeyd olunub ki, bu sənəd digər bütün sənədlərdən üstün tutulur. Bu isə çox ciddi hüquqi ziddiyyət yaradır. Ermənistanın daxili prosedur qaydalarına və qanunvericiliyinə görə, konstitusiya təbii olaraq imzalanmış istənilən sənəddən üstün sayılır. Bu baxımdan da, əgər Ermənistan konstitusiyasının müddəaları Azərbaycan ərazilərinin ilhaqını nəzərdə tutursa, bu halda Azərbaycanla sülh müqaviləsinin imzalanması faktiki olaraq qeyri-qanuni hesab olunacaq və bu sənədin hüquqi qüvvəsi olmayacaq.Ermənistan sərhədlərindən kənarda isə bu sənədin kiməsə hüquqi təsir göstərməsi mümkün deyil. Çünki söhbət Azərbaycandan gedirsə, burada həm de-fakto, həm də de-yure olaraq yalnız Azərbaycan qanunları qüvvədədir və müvafiq addımlar da bu qanunvericilik əsasında atılır.Bu da bir daha göstərir ki, Paşinyan hüquqi məntiqdən tamamilə uzaq, yalnız erməni nağılları ilə çıxış edən bir şəxsdir”.
Parlamentari vurğulayıb ki, Ermənistan hökumət başçısının ATƏT-in Minsk Qrrupu ilə bağlı söylədiyi məqam absurddan başqa bir şey deyil: “Paşinyan deyir ki, Azərbaycanla yalnız o zaman sülh müqaviləsi imzalanacaq ki, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Ermənistan sənəd imzalasın. Bəs bu nədən qaynaqlanır? Əgər bu, etimadsızlıqdan irəli gəlirsə, o zaman imzalanan sənədin nə hüquqi qüvvəsi olacaq ki? Deməli, həmin sənəd faktiki olaraq etimadsız və etibarsız olacaq.Əgər Azərbaycanla sülh müqaviləsi imzalanırsa, bu, müəyyən hüquqi öhdəliklərin götürülməsi üçün zəmin yaradır. Amma ATƏT-in Minsk Qrupunun ömrü çoxdan başa çatıb. Ermənistan özü ATƏT-in Minsk Qrupunun missiyasını uğursuz şəkildə başa vurduğunu qəbul edib. Dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla, o cümlədən vaxtilə Ermənistanın işğalı altında olan və hazırda azad edilmiş əraziləri Azərbaycanın tərkib hissəsi kimi qəbul etməməkdə davam etməklə, Ermənistan əslində ATƏT-in Minsk qrupunun məşğul olduğu münaqişənin artıq başa çatdığını etiraf etmiş olur. Əgər bu belədirsə, o zaman ATƏT-in Minsk Qrupunun geri çağırılması ilə bağlı tələb niyə məhz sülh müqaviləsinin imzalanması zamanı irəli sürülür? Bu, açıq şəkildə şantajdan başqa bir şey deyil. Əgər Ermənistana ATƏT-in Minsk Qrupunun "ölü" vəziyyətdə qalması lazımdırsa, qalsın. Bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Amma bu halda sülh müqaviləsi də olmayacaq. Nəticə etibariləgöz önündə olan mənzərə bundan ibarətdir. Əslində bu gün etibarlı bir ölkə olduğunu sübut etməli olan tərəf Ermənistandır. Azərbaycan isə öz etibarlı tərəfdaş olduğunu heç kimə sübut etməyə ehtiyac duymur. Azərbaycan atdığı bütün addımlarda dünya tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur. Ermənistan isə Azərbaycan ərazilərini işğal edib, 1 milyon insanı didərgin salıb, 300 min azərbaycanlını öz ərazilərindən qovub, Azərbaycan torpaqlarını viran qoyub, Azərbaycan xalqına qarşı soyqırımı törədib, ağır müharibə cinayətləri həyata keçirib. Bütün bunlardan sonra biz onlara etibarlı tərəf olduğumuzu sübut etməliyik? Nəyə görə? Hansı məntiqlə?Bu baxımdan düşünürəm ki, Paşinyanın bu məntiqi ilə bir addım belə irəliləmək mümkün deyil. Əgər Ermənistana indiki vəziyyət sərf edirsə, elə bu vəziyyətdə də qalsın. Məncə, Ermənistanın yeganə anlayacağı dil “Dəmir Yumruq”dan başqa bir şey deyil”.
Zümrüd Əsədova
19:41 17.05.2025
Oxunuş sayı: 1135