Pezeşkian: İran müharibə istəmir, ABŞ-la nüvə danışıqları davam edəcək

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin müharibə tərəfdarı olmadığını və ABŞ-la nüvə məsələlərinə dair danışıqları davam etdirmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, İran sülhə üstünlük verir və münaqişələrin diplomatik yollarla həllinə çalışır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Pezeşkian İranın heç bir təhdiddən qorxmadığını vurğulayıb. O, ölkəsinin milli maraqlarını qorumağa qadir olduğunu və təzyiqlərə boyun əyməyəcəyini bildirib.
İran Prezidenti, həmçinin ABŞ Prezidenti Donald Trampın mövqeyində ziddiyyətlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, Tramp bir tərəfdən İranı sülhə çağırır, digər tərəfdən isə öz ölkəsinin hərbi gücü ilə hədələyir. Bu isə rəsmi Tehran üçün ABŞ-ın hansı mesajına inanmalı olduğunu çətinləşdirir.
Pezeşkian əlavə edib ki, İran konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqu dəstəkləyir. Onun fikrincə, davamlı sülh yalnız qarşılıqlı anlayış və əməkdaşlıq yolu ilə mümkündür.
Fatimə Nəbiyeva
20:35 17.05.2025
Oxunuş sayı: 770