Tramp: “Putin Ukrayna ilə müharibədən yorulub”

ABŞ-ın prezidenti Donald Tramp verdiyi müsahibədə Rusiya lideri Vladimir Putinin Türkiyədə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etməsinə münasibət bildirib. Trampın fikrincə, Putin artıq Ukrayna ilə müharibədən yorulub və bunun bitməsini istəyir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp Rusiya prezidentinin yorğun göründüyünü və daha yaxşı vəziyyətdə olmaq istədiyini deyib: “Məncə, Putin bu işin hamısından yorulub. O, pis görünür və yaxşı görünmək istəyir. Unutmayın ki, bu müharibə bir həftəyə bitməli idi”.
Müsahibə zamanı Tramp diqqəti Ukrayna prezidenti Volodimir Zelenskiyə yönəldib. O, Zelenski ilə münasibətlərinin hər zaman gərgin olduğunu qeyd edib: “Mənim Zelenski ilə çətin görüşüm oldu, çünki dedikləri xoşuma gəlmədi. O, heç nəyi asanlaşdırmırdı. Mən həmişə demişəm ki, onun əlində kart yoxdur. Düzünü desəm, indi də deyirəm – onun əlində heç bir kart yoxdur”.
Trampın bu açıqlamaları ABŞ-da və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Onun həm Putin, həm də Zelenski ilə bağlı söylədikləri gələcək sülh danışıqları və ABŞ-ın Ukrayna siyasəti baxımından ciddi əhəmiyyət kəsb edir.
Fatimə Nəbiyeva
19:40 17.05.2025
Oxunuş sayı: 800