UNEC-də “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda konfrans işə başlayıb


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) təşkilatçılığı ilə “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransı işə başlayıb.
Crossmedia.az UNEC-ə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində UNEC-in prorektoru dosent Gəray Musayev çıxış edərək konfransın məqsədinin Türk dünyası ölkələrinin sosial-iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığı artırmaq, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək, eləcə də ölkələr arasında təcrübə mübadiləsini gücləndirmək olduğunu qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türk dünyasının tarixindən söz açaraq, türkdilli ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, konfransın Türk dünyası ölkələrinin elm, təhsil, iqtisadiyyat, texnologiyalar sahəsində yeni fikir və layihələrin müzakirəsi, eləcə də gələcək strategiyaların müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.
Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazğan 33 il əvvəl fəaliyyətə başlayan TUDİFAK-ın Azərbaycan ilə Türk dünyası dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, fakültənin hər zaman Türk dövlətləri alimlərini, iş adamlarını bir araya gətirərək mühüm elmi tədbirlərə ev sahibliyi etdiyini, bilik və təcrübə mübadiləsində önəmli rol oynadığını qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin deputatı İlyas Topsakal çıxışında Türk dünyası dövlətlərinin sovetlər birliyinin dağılmasından sonra dünya sisteminə inteqrasiyasından söz açıb. O, ilkin mərhələdə iqtisadi sahədə qurulan əlaqələrin zamanla sosial, mədəniyyət, elm, təhsil və digər sahələri də əhatə edərək dərinləşdirildiyini bildirib. Deputat bu əlaqələrin inkişafının Türk dünyası ölkələrinin birgə gələcəyini daha da möhkəmləndirdiyini qeyd edib.
Özbəkistanın Üçrəng RANCH Texnologiya Universitetinin rektoru Curatbek Atacanov isə çıxışında ölkələrin iqtisadi inkişafının dövlətin möhkəmləndirilməsindəki rolundan danışıb. O, Özbəkistanda həyata keçirilən iqtisadi strategiyanın elm, təhsil, sosial və mədəni sahələrə olan müsbət təsirlərinə toxunaraq, bu inkişafın ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirdiyini, Türk dünyası ölkələri arasında daha sıx əməkdaşlıq və qarşılıqlı faydalı layihələrə yol açdığını vurğulayıb.
Çıxışlardan sonra konfrans “Türk dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarəedilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarlıq və startaplar” mövzularında panel iclaslarla davam edib.
İki gün davam edəcək konfransda müxtəlif ölkələri təmsil edən alimlər, tədqiqatçılar, biznes nümayəndələri bilik və təcrübə mübadiləsi aparacaqlar.
17:35 16.05.2025
Oxunuş sayı: 626