Tramp: “Körfəz turundan sonra evə qayıdacağam”

ABŞ Prezidenti Donald Tramp İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşlərinə qatıla biləcəyi ilə bağlı əvvəlki açıqlamasına aydınlıq gətirib. O, Körfəz ölkələrinə səfərinin ardından ABŞ-a geri dönəcəyini və Rusiya ilə Ukrayna arasında baş verəcək prosesləri izləyəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp çıxışında, “Ən qısa zamanda Putinlə görüşəcəyik,” deyə qeyd edib. O, bu bəyanatı Qətərin paytaxtı Dohada etdiyi əvvəlki açıqlamadan bir gün sonra verib. Dünənki açıqlamasında Tramp, “Əgər münasib olsa, sabah İstanbula gedə bilərəm,” demişdi.
Tramp əlavə edib: “Mən getməsəm, Putin niyə getsin? Getməyi düşünürdüm, lakin bu gün və sabahki proqramımız çox sıxdır. Amma bir şey olarsa və münasib olsa, Cümə günü İstanbula gedə bilərəm.”
Daha sonra verdiyi açıqlamada isə Tramp, “Putinlə mən bir araya gələnə qədər heç nə olmayacaq,” deyə bildirib. Qeyd edək ki, səfərə başlamazdan əvvəl də Tramp Türkiyəyə gəlmək ehtimalından danışmışdı, lakin Putinin görüşlərdə iştirak etməyəcəyi açıqlanandan sonra bu plandan imtina etmişdi.
Digər tərəfdən, ABŞ Dövlət katibi Marko Rubio bu gün Rusiya-Ukrayna görüşləri üçün İstanbulda səfərdədir.
Fatimə Nəbiyeva
15:10 16.05.2025
Oxunuş sayı: 668