Berlin görüşündə Almaniya və Britaniya Ukraynaya dəstək yollarını müzakirə edib

Almaniya və Böyük Britaniyanın müdafiə nazirləri cümə axşamı Berlində bir araya gələrək Ukraynaya əlavə hərbi dəstək yollarını müzakirə ediblər.
Görüş iki ölkə arasında ötən il imzalanan hərbi əməkdaşlıq sazişi çərçivəsində ilk Nazirlər Şurası formatında baş tutub. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, tərəflər artıq bir sıra vacib layihələrə razılıq verib və onların icrasına sürətlə başlanılıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, görüş NATO xarici işlər nazirlərinin Türkiyədə ABŞ-ın yeni müdafiə təşəbbüsünü müzakirə etdiyi diplomatik mühit fonunda keçirilib. Bu təşəbbüs Vaşinqtonun Avropadan kənarda təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmasını nəzərdə tutur.
Bu arada, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin Türkiyədə birbaşa danışıqlar təklifini rədd edib. Britaniyanın müdafiə naziri Con Healey bunu Putinin “sülh istədiyini iddia etməsinə baxmayaraq, əslində münaqişəni davam etdirmək istədiyinin sübutu” kimi dəyərləndirib.
Avropa İttifaqı Hərbi Komitəsinin rəhbəri Robert Brieger isə Brüsseldə keçirilən görüşdən sonra bəyan edib ki, Aİ bu il Ukraynaya 2 milyon ədəd ağır çaplı döyüş sursatı çatdırmağı planlaşdırır ki, bu da ötən ilin göstəricisindən iki dəfə çoxdur. Brieger bildirib ki, Avropa Müdafiə Agentliyinin müqavilələri əsasında üzv ölkələr əlavə istehsala və təchizata təşviq olunur.
O həmçinin Kremlin “kölgə donanması”ndan qaynaqlanan təhlükələrlə mübarizə üçün Aİ-nin dəniz resurslarını artırmalı olduğunu vurğulayıb.
Zəhra Ağayeva
13:30 16.05.2025
Oxunuş sayı: 586