Tramp Körfəz səfərini 1,4 trilyon dollarlıq investisiya ilə yekunlaşdırıb

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə 600 milyard, Qətərlə 243 milyard və nəhayət, BƏƏ ilə 200 milyard dollarlıq investisiya müqavilələri imzalayıb.
Səfərin son dayanacağı olan BƏƏ ilə əldə edilən razılaşmalar aviasiya, enerji və sənaye sahələri ilə yanaşı, süni intellekt (AI) texnologiyalarını da əhatə edir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Trampın Fars körfəzi turu “qazan-qazan” prinsipi əsasında qiymətləndirilir. ABŞ yerli istehsalı gücləndirmək üçün xarici investisiyalar axtararkən, körfəz ölkələri də iqtisadiyyatlarını neft asılığından uzaqlaşdırmaq və süni intellekt sahəsini inkişaf etdirmək istəyirlər.
Əbu-Dabidə tikilməsi planlaşdırılan süni intellekt kampusu 10 kvadrat kilometr sahəni əhatə edəcək və 5 giqavat gücündə olacaq. Layihə BƏƏ-nin G42 şirkəti və ABŞ texnologiya firmaları tərəfindən həyata keçiriləcək.
Bundan əlavə, Tramp Səudiyyə Ərəbistanı ilə 80 milyard dollarlıq süni intellekt investisiya müqaviləsi imzalayıb. Bloomberg yazır ki, ABŞ Prezidenti 2027-ci ilə qədər BƏƏ-yə hər il 500 min ədəd Nvidia H100 çipinin göndərilməsini nəzərdə tutan sazişi də nəzərdən keçirir.
Eyni zamanda, Boeing və GE Aviation Etihad Airways ilə 14,5 milyard dollarlıq, Qatar Airways ilə isə 96 milyard dollarlıq müqavilə bağlayıb. Enerji sektorunda isə ExxonMobil, Occidental Petroleum və EOG Resources şirkətləri ADNOC ilə 60 milyard dollarlıq razılaşma əldə ediblər.
DOC qeyd edib ki, bu razılaşmalar Amerika texnologiyalarının qorunması məqsədilə ciddi nəzarət mexanizmləri ilə müşayiət olunur. ABŞ Ticarət Naziri Hovard V. Lutnik razılaşmaları Trampın süni intellekt sahəsində liderlik vizyonunun tərkib hissəsi kimi dəyərləndirib.
Zəhra Ağayeva
13:25 16.05.2025
Oxunuş sayı: 521