İstanbulda Rusiya və Ukrayna arasında 2022-ci ildən bəri ilk danışıqlar keçiriləcək

Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqların baş tutacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.
Danışıq saatı hələ rəsmi olaraq açıqlanmasa da, Rusiya mediası görüşün Moskva vaxtı ilə saat 14:00-da başlayacağını yazıb.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edir. Danışıqlarda nə Rusiya Prezidenti Vladimir Putin, nə də ABŞ-nin prezidenti Donald Tramp iştirak etmir. Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Türkiyədədir, lakin onun danışıqlarda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Bildirək ki, bu fonda ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Donald Tramp Rusiya və Ukrayna arasında ədalətli sülhə gətirib çıxara biləcək istənilən mexanizmlərə açıqdır. Onun sözlərinə görə, ABŞ qarşıdakı günlərdə konkret irəliləyiş gözləyir və hesab edir ki, bu münaqişənin hərbi həlli yoxdur.
Danışıqlardan öncə Rusiya Ukrayna ərazisinə genişmiqyaslı dron hücumu həyata keçirib. Ümumilikdə 100-dən çox dron buraxılıb. Dnepropetrovsk, İvano-Frankivsk, Sumı, Kiyev və Volın vilayətləri hücuma məruz qalıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 62 dronu vurub, daha 29-u isə hədəflərə çatmadan yerə düşüb.
Məlumat görə, Kiyev yalnız ABŞ administrasiyasının təşəbbüsü ilə təklif olunan və qeyd-şərtsiz 30 günlük atəşkəs məsələsini müzakirə etməyə razıdır. Ukrayna bu təşəbbüsü hələ mart ayında dəstəkləyib, lakin Moskva onu rəsmi şəkildə təsdiqləməyib.
Zelenskinin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcəyi və daha sonra növbəti addımlar barədə qərar verəcəyi bildirilib.
11:51 15.05.2025
Oxunuş sayı: 3750