"ABŞ-nin Yaxın Şərqlə bağlı siyasəti dəyişir" -EKSPERT

Son illərdə Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər beynəlxalq münasibətlər sisteminə birbaşa təsir göstərir. Regionda köhnə ittifaqların zəifləməsi və yeni güc mərkəzlərinin formalaşması böyük aktorların siyasətində korrektələrə səbəb olur. Bu kontekstdə ABŞ-ın Suriya siyasətində müşahidə edilən dönüş nöqtəsi – xüsusilə də sabiq ABŞ Prezidenti Donald Trampın sanksiyaların ləğvi ilə bağlı atdığı addım – diqqət çəkir. Qərarın arxasında dayanan motivlər, regional aktorların reaksiyası və mümkün nəticələr artıq geniş müzakirə mövzusuna çevrilib.
Politoloq Tural İsmayılov sözügedən məsələ barədə Crossmedia.az-a danışıb. Şərhçinin sözlərinə görə, Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək təşəbbüsü Əsəd rejiminin devrilməsi və Culani–Şara hökümətinin formalaşması ilə bağlı yaranan yeni geosiyasi reallıqlardan irəli gəlir: "Bu qərar ABŞ-nin “rejim dəyişikliyi sabitlik gətirir” yanaşmasından uzaqlaşdığını göstərir. Vaşinqton artıq Əsədin faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıldığını qəbul edir və yeni güc balansına uyğun siyasət yeritməyə çalışır. Əhməd əl-Şaranın rəhbərlik etdiyi hökumət ABŞ üçün keçmişdə mübahisəli fiqurların iştirakı ilə yadda qalsa da, hazırda potensial tərəfdaş kimi qiymətləndirilir. Trampın “Suriyaya şans vermək” ifadəsi rejimə deyil, rejimdən sonrakı siyasi quruluşa dialoq mesajı kimi dəyərləndirilə bilər. Bu yanaşma ABŞ-nin Yaxın Şərqdə nüfuzunu yenidən gücləndirməyə yönəlmiş düşünülmüş bir addım kimi qiymətləndirilə bilər. İranın bölgədə artan təsiri fonunda Vaşinqton alternativ sünni mərkəzini dəstəkləməklə Tehranın təsirini tarazlaşdırmağa çalışır. İsrail bu mənzərədən narahatlıq keçirsə də, ABŞ üçün artıq əsas məsələ təhlükəsizlikdən daha çox təsir zonalarının bölüşdürülməsidir. Şara hökumətinin dəyişən ritorikası və qərbyönlü siqnalları Vaşinqtonu yumşaq siyasət yürütməyə sövq edir. ABŞ regionda ideologiya deyil, reallıqlara əsaslanan siyasət izləmək niyyətindədir. Əsəd rejiminin uzun illər davam edən zorakılığı ABŞ tərəfindən strateji yük kimi qiymətləndirilir. Prezident Tramp bu qərarı ilə həm də daxili auditoriyaya “biz savaş deyil, sabitlik istəyirik” mesajını verməyə çalışır. Demokratlar isə bu siyasəti tənqid edərək öz mövqelərini gücləndirməyə çalışacaqlar".
Müsahibimizin fikrincə, Türkiyənin bu məsələdəki mövqeyi isə yeni hökümətin legitimliyi baxımından xüsusi əhəmiyyət kəsb edir: "Vaşinqton Ankaranın iştirakı olmadan yekun nəticəyə nail ola bilməz. Sanksiyaların ləğvi Suriyanın iqtisadi canlanmasına ilkin təkan verə bilər. Lakin bu prosesin davamlı olub-olmaması Şara hökumətinin atacağı konkret addımlardan asılı olacaq. ABŞ siyasi dəstəklə yanaşı, real islahatlar da gözləyəcək. Əgər yeni hökumət bu siqnalları düzgün dəyərləndirə bilsə, Suriya üçün fərqli bir mərhələ başlaya bilər. ABŞ Prezidenti Donald Trampın bu qərarı, ABŞ-ın ənənəvi Yaxın Şərq siyasətindən daha realist bir xəttə keçidinin göstəricisi kimi dəyərləndirilir".
Ləman Həsənova
00:29 15.05.2025
Oxunuş sayı: 701