Pakistan-Hindistan sərhədində son qarşıdurmada şəhid olan hərbçilərin sayı 13-ə çatdı

Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) bildirir ki, Hindistanla baş vermiş son hərbi qarşıdurma nəticəsində şəhid olan pakistanlı hərbçilərin sayı 13 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə DAWN nəşri məlumat yayıb.
Məlumata görə, Hindistan Silahlı Qüvvələrinin 2025-ci il mayın 6-dan 7-nə keçən gecə başladığı “aşkar təcavüz” altı yaşayış məntəqəsini hədəfə alıb. ISPR bu hücumları “səbəbsiz” adlandıraraq, onların qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, günahsız dinc sakinlərə qarşı yönəldiyini qeyd edib.
“Vətəni misilsiz cəsarət və sarsılmaz əzm ilə müdafiə edərkən, bu gün daha iki qəhrəman oğlumuz aldığı xəsarətlər nəticəsində şəhid olub. Bununla da Pakistan Silahlı Qüvvələrinin şəhid hərbçilərinin sayı 13-ə çatıb”, – deyə ISPR-in yaydığı rəsmi açıqlamada vurğulanır.
Qeyd edək ki, qarşıdurmalar zamanı ümumilikdə 78 hərbçi xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.
Xumar Emilqızı
21:36 14.05.2025
Oxunuş sayı: 728