Macarıstan Ukrayna sərhədinə zirehli texnika göndərdi

Macarıstan Ukrayna ilə münasibətlərdə gərginliyin artması fonunda sərhəd bölgəsinə zirehli texnika göndərib. Rəsmi Budapeşt bu addımı təhlükəsizlik məqsədilə atdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, texnika əsasən sərhəddəki nəzarət-buraxılış məntəqələrində – Zahon, Bereqşuran, Tisabeç, Barabaş və Nadbodoj yaşayış məntəqələrində yerləşdirilib. Hadisə yerli əhalinin və sərhəd xidmətlərinin fəaliyyətinə birbaşa təsir göstərməsə də, ciddi narahatlıq yaradıb.
Məlumata görə, Macarıstanın bu qərarı Ukrayna ilə son günlərdə yaşanan diplomatik gərginlikdən sonra verilib. Qeyd edək ki, daha əvvəl hər iki ölkə qarşılıqlı olaraq diplomatları ölkədən çıxarıb. Buna səbəb isə tərəflər arasında casusluq ittihamları olub.
Macarıstan rəsmiləri bildirir ki, sərhəddəki hərbi hazırlıq preventiv xarakter daşıyır və hər hansı hücum planı mövcud deyil. Lakin ekspertlər bu addımın regionda onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirə biləcəyini deyirlər.
Fatimə Nəbiyeva
16:38 14.05.2025
Oxunuş sayı: 531