Ermənistan Rusiyayla hərbi əməkdaşlığı azaldır

Ermənistan Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı tədricən məhdudlaşdıraraq diqqətini Hindistan və Fransaya yönəldir. “Vedomosti”nin Rusiya Beynəlxalq Münasibətlər Şurasının (RBMŞ) “Rusiya-Ermənistan münasibətləri: Müasir mərhələ” adlı hesabatına istinadla verdiyi məlumata görə, 2022–2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox dəyərində müdafiə müqavilələri imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu çərçivədə Ermənistan Hindistandan Pinaka reaktiv yaylım atəşi sistemləri, ATAGS artilleriyası, Akash-1S hava hücumundan müdafiə sistemləri, ZADS pilotsuz uçuş aparatlarına qarşı sistemlər, Rusiyanın lisenziyası ilə istehsal edilən Konkurs tank əleyhinə raket kompleksləri, minaatanlar və sursatlar alıb.
Digər əsas tərəfdaş isə Fransadır. Ermənistan bu ölkə ilə 2023–2024-cü illərdə 250 milyon dollar dəyərində müqavilələr imzalayıb. Bu müqavilələr GroundMaster 200 radarları, Mistral 3 zenit-raket kompleksləri və Caesar özüyeriyən artilleriya qurğularını əhatə edir.
Xatırladaq ki, Ermənistanın Rusiya ilə son müdafiə sazişi isə 2021-ci ildə 400 milyon dollar dəyərində imzalanıb və bu günədək tam yerinə yetirilməyib. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2011–2020-ci illərdə Ermənistanın silah idxalında Rusiyanın payı 94% təşkil edirdisə, bu göstərici 2024-cü ildə cəmi 10%-ə düşüb.
Cəmiyyətdəki münasibət də dəyişib: Beynəlxalq Respublika İnstitutunun (IRI) 2023-cü ilin dekabrında keçirdiyi sorğuya əsasən, Rusiya Ermənistan üçün siyasi təhdid mənbələri sırasında Azərbaycan və Türkiyədən sonra 3-cü yeri tutur.
Buna baxmayaraq, RBMŞ və Ermənistanın Statistika Komitəsinin məlumatına görə, Rusiya hələ də Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalır — 2024-cü ildə ümumi ticarət dövriyyəsinin 41%-i (12,4 milyard dollar) Rusiyanın payına düşür. Bu artım əsasən Qərb məhsullarının Rusiyaya reeksportu və Rusiya məhsullarının Ermənistan üzərindən daşınması hesabına baş verir.
Fatimə Nəbiyeva
15:45 14.05.2025
Oxunuş sayı: 524