Makron: "Fransa Ukraynaya əlavə yardım edə bilmir"

Fransa Prezidenti Emanuel Makron bəyan edib ki, ölkəsi Ukraynaya göndərə biləcəyi bütün hərbi və maddi resursları artıq verib. Onun sözlərinə görə, Fransa silah-sursat və texniki dəstək baxımından imkanlarının son həddinə çatıb və bundan sonra Ukraynaya əlavə yardım göstərmək çətindir. O, qeyd edib ki, hazırda Paris administrasiyası öz hərbi ehtiyatlarını və ölkənin təhlükəsizlik balansını qorumağa çalışır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Makron Avropada dondurulmuş Rusiya aktivləri ilə bağlı da danışıb. O bildirib ki, bu aktivlərin müsadirə olunması hüquqi baxımdan mümkün deyil. Fransa lideri bu məsələnin Avropa hüququnda boşluqlar ucbatından çıxılmaz vəziyyətdə olduğunu vurğulayıb. O əlavə edib ki, bu aktivlərin taleyi Qərb ölkələrinin birlikdə atacağı addımlardan asılı olacaq.
Makron eyni zamanda xəbərdarlıq edib ki, əgər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rejimi zəifləyər və ya tamamilə dağılsa, Moskva dondurulmuş aktivlərini geri ala bilər. Bu ehtimalın gerçəkləşməməsi üçün Avropa İttifaqının və müttəfiq dövlətlərin birgə, koordinasiyalı şəkildə işləməsi zəruridir. Makron, Qərb birliyinin zəifləməsinin Rusiyanın xeyrinə işləyə biləcəyini vurğulayıb.
Fransa Prezidenti həmçinin Avropada təhlükəsizlik məsələlərinə toxunaraq bildirib ki, Fransa nüvə başlıqları ilə təchiz olunmuş döyüş təyyarələrinin digər Avropa ölkələrində yerləşdirilməsi məsələsini müzakirəyə açıqdır. Onun bu açıqlaması NATO daxilində nüvə təhlükəsizliyi ilə bağlı yeni diskussiyalara yol aça bilər. Makronun fikrincə, bu addım Qərbin təhlükəsizlik strategiyasının möhkəmləndirilməsi üçün vacib ola bilər.
Fatimə Nəbiyeva
13:10 14.05.2025
Oxunuş sayı: 542