“Neft kralı” Ağa Musa Nağıyev

XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiya imperiyasında həyata keçirilən islahatlar Şimali Azərbaycanda da ciddi dəyişikliklərlə müşahidə olunurdu. 1872-ci ildə iltizam sisteminin ləğvi Azərbaycan neft sənayesində kapital qoyuluşunun artmasına, sahibkarlığın genişlənməsinə, milli kapital nümayəndələrinin təşəkkülünə və onların çoxsahəli fəaliyyətinə şərait yaratmışdı. Bəhs olunan dövrdə Bakı neft sənayesi rayonunun inkişafı Avropa, Rusiya kapital nümayəndələri ilə yanaşı Azərbaycan milli kapitalının görkəmli nümayəndələrinin böyük əməyi, investisiyaları nəticəsində mümkün olmuşdur. Neft sənayesi müəssisələri sahibləri içərisində azərbaycanlı sahibkarlaırn sayı nəzərə çarpırdı.
Bakıda neft bumu dövründə 200-dən çox neft şirkəti fəaliyyət göstərirdi. XIX əsrin sonlarında Bakı quberniyasında 167 neft sənaye müəssisəsindən 49-u azərbaycanlılara məxsus idi. 1914-cü ilə aid arxiv materiallarına görə Bakıda 58 azərbaycanlı sahibkara məxsus olan 83 firma fəaliyyət göstərirdi.
1901-ci ildə Bakıda neft hasilatı təxminən 672 milyon puda çatmışdı ki, bu da dünya neft hasilatının yarıdan çoxuna, çar Rusiyasında isə neft hasilatının 95%-nə bərabər idi.
XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi həyatında rol oynamış mühüm şəxslərdən biri də xeyriyyəçi Ağa Musa Nağıyev idi. Ağa Musa Nağıyev 1849-cu ildə Bakı quberniyasının Biləcəri kəndində çox kasıb bir ailədə anadan olmuşdur. Atası Nağı ailəsini saman satmaqla, anası Rüqiyyə Məşədi Məmmədyar qızı əsl azərbaycanlı evdar xanımı kimi övladlarını böyütməklə məşğul olur. Ağa Musa 1871-ci ildə Ümməsəlmə Kərbəlayi Cəfər qızı ilə evlənir. 1879-cu ildə onların İsmayıl adında oğulları, 1881-ci ildə isə Ümmülbanu adında qızları dünyaya gəlir. 1900-cü ildə Nağıyevin ailəsi faciə baş üzləşir – qızı Ümbülbanu dördüncü övladını dünyaya gətirərkən vəfat edir. Yeri gəlmişəm qeyd edim ki, Ümbülbanu milyonçu Şəmsi Əsədullayevin böyük oğlu Mirzə Əsədullayevin xanımı idi.
Aradan iki il keçməmiş Ağa Musa Nağıyev daha ağır bir zərbə aldı. Dünyanın ən yaxşı xəstəxanalarında müalicə almasına baxmayaraq, onun 27 yaşlı yeganə oğlu Ağa İsmayıl İsveçrədə vərəmdən dünyasını dəyişdi. 1908-ci ildə atası onun nəşini Kərbəlaya köçürdü və vəsiyyət etdi ki, öləndə onu da müqəddəs məkanda, oğlunun yanında dəfn etsinlər.
Dövrün müasirlərinin dediklərinə görə ailənin istəklisi olan İsmayıl çox ağıllı, əliaçıq, mehriban bir insan idi. O, incəsənəti çox sevdiyindən aktyorlar, şairlər və rəssamlarla yaxınlıq edərdi. Bu cəhət sonradan oğulluğa götürdüyü qardaşı oğlunun – Fərəcin simasında təkrarlanır. Uzun sürən ağır xəstəlikdən sonra İsmayıl 26 mart 1902-ci ildə dünyasını dəyişmişdir.
Atası Nağı ailəsini saman satmaqla dolandırırdı. O, vəfat edəndə Musaya heç bir miras qalmamışdı. Əksinə, onun 300 manat borcu var idi. Bu vaxt Musa 25 yaşında idi. O atasının borclarını ödəməklə məşğul idi.
Təbiəti etibarı ilə zirək adam olan və 11 yaşından zəhmətə atılıb hamballıq edən Ağa Musa kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq qərarına gəlir. O, bir neçə il qəpik-qəpik pul yığaraq axırda lazım olan məbləği düzəldir və Bibiheybətdə torpaq sahəsi alır. Torpağı suvarmaq üçün quyu qazmağa başlayanda taleyi onun üzünə gülür və o qədər də dərin olmayan quyudan neft fəvvarə vurmağa başlayır. Musa gecə-gündüz quyunun başından aralanmadan, ən ağır işləri özü görür, elə fəhlələrə də dinclik vermir. Bu fontan hamballıqla dolanan Musanı neft sənayeçisi Ağa Musa Nağıyevə çevirir. O, artıq 1879-cu ildə (30 yaşında) 30 min rublluq əmlaka malik idi.
Əldə etdiyi gəlir çoxaldıqca Ağa Musa Bakı kəndlərindəki yataqları satın alır və yeni quyular qazdırırdı. Varlandıqca “Qara şəhərdə” neft emalı zavodu tikdirir, Xəzər dənizində onun ilk tankeri üzməyə başlayır. Rusiya Dövlət Bankının göstəricilərinə görə 1879-cu ildə 30 yaşlı Ağa Musanın əmlakı 30 min rubl məbləğində qiymətləndirilir. XIX əsrin 80-ci illərinin ortalarında Ağa Musa Nağıyevin ticarət dövriyyəsi artıq 700 min rubla çatır. Ağa Musa Nağıyevə II gildiya tacir hüququ verilir. O, 1887-ci ildə “Musa Nağıyev” adlı neftayırma firmasını təsis edir. 1890-cı ildə Ş. Əsədullayev Ramanadakı neftlə zəngin olan 6 desyatin torpağı bərabər payla Ağa Musaya verir. Ağa Musa sonradan qonşu sahəni də alıb bu sahəyə qatır. O, 1891-ci ildə məhz bu sahədə qazılan tək bir buruqdan 31 min pud neft əldə edir. Neftçıxarma sahələrini artırmaq məqsədilə Ağa Musa neftlə zəngin olan yeni torpaqlar alır. XIX əsrin son illərində Balaxanı, Sabunçu, Əmircan və Ramanada belə sahələri icarəyə götürür. Qazma buruqlarının sayı 8-ə çatmışdı. Əvvəllər neft saxlamaq üçün başqa neft sahibkarlarının anbarlarından istifadə edən Ağa Musa Nağıyev, 1898-1899-cu ildə daha bir neftayırma zavodu quraşdırır. Buradakı fəhlə və qulluqçuların sayı 226 nəfər təşkil edirdi.
Rəsmi məlumatlara görə, o illərdə Nağıyevin Balaxanı, Ramana və Sabunçu kəndlərindəki neft mədənlərində 45 məhsuldar, həm də texniki baxımdan yaxşı təchiz edilmiş quyusu vardı və onlarda 800-dən artıq fəhlə çalışırdı. Uğurun əldə edil-mə¬sində şirkətin müdiri, istedadlı azərbaycanlı mühəndis Fətulla bəy Rüstəmbəyovun və mədənlərin rəhbəri mühəndis-geoloq Hüseyn xan Talışxanovun mühüm rolu olmuşdur. 1900-cü ildə onun firması təxminən 7-8 milyon pud neft hasil etmişdi. Lakin kiçik firmalardan satınalmalar hesabına onun zavodu hər il 15 milyon puda yaxın xam neftdən istifadə edirdi. Artıq 1908-ci ildə Ağa Musa Nağıyev 12.328.300 pud xam neft hasil edərək rekord səviyyə göstərmişdi. Beş il ərzində, 1913-cü ilədək isə onun müəssisələri artıq ən iri Azərbaycan şirkətlərinin ilk onluğuna daxil olmuş, müxtəlif illərdə 6-7-ci yerləri tutmuşdur.
1907-cı ildə ona məxsus olan müəssisələr əsasında əsas kapitalı 10 mln. rubl təşkil edən “Musa Nağıyev” adlı səhmdar neft sənayesi və “ticarət cəmiyyət”i yaradılmışdır. 1898-ci ildə Ağa Musa Nağıyevin əmlakının dəyəri 334 560 rubl təşkil edirdi. Fərəc Nağıyevin xatirələrindən bəlli olur ki, Ağa Musa Nağıyevin varidatının ümumi miqdarı 1918-cu ilədək 413 mln. rubl təşkil edirdi. Rus rublunun alıcılıq dövriyyəsi yüksək olduğu bir dövrdə atasının vəsiyyətinə əməl edərək Ağa Musa vəsaitini daşınmaz əmlaka sərf edir.
1906-cı ildə Bakıda balıq sənayesinin inkişafında da Ağa Musa Nağıyevin böyük rolu olub. Balıq vətəgələri üzrə hərracda küllü miqdarda kapital sərmayə qoymaqla o, ən iri vətəgələrin xeyli hissəsini ələ keçirmişdir. Kür - balıq sənayesində çoxluq təşkil edən balıq vətəgələri də ona məxsus olub. O, 1909-cu ildə “Zaqafqaziya balıq sənayesi cəmiyyətini” təsis edir.
Ağa Musa Nağıyev 49 yaşında ikən artıq neft Bakısının məşhur milyonçusuna çevrilir. Neftdən əldə etdiyi gəlirin xeyli hissəsini millətinin tərəqqisinə sərf edir. Qotik üslubdakı “İsmailiyyə” binasını (1908-1913) oğlu İsmayılın xatisinə tikdirir. Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin vəsaiti ilə tikilmişdi. Bir neçə xəstəxana (1 saylı Şəhər Klinik Xəstəxana - Semaşko, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu - OMD) tikdirmiş və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoymuşdu. Memarlıq üslubu ilə şəhərə xüsusi gözəllik verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binası onun rabitəçilərə qoyduğu mirasdır.
Oğlunun xatirəsinə yadigar olaraq Ağa Musa Nağıyev Bakının mərkəzində qeyri-adi saray tikdirmək qərarına gəlir. O, tanınmış polşalı memar İ.Ploşkonu memarlıq nümunəsi seçmək üçün İtaliyaya göndərir. Ploşko örnək kimi Venesiyadakı Palasio Kantariya sarayını təklif edir. 1907-ci ildə Nağıyev “İsmailiyyə” adlandırılan sarayın layihəsini təsdiqləyir və tikinti işləri başlanır. Bu saray öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoyur. Binanın alınlığında dördüncü xəlifə imam Əlinin aşağıdakı sözləri həkk edilmişdi: “İnsan əməyi ilə acalır və arzularına yalnız zəhməti ilə çatır. İnsan doğulandan ölənə qədər öyrənməlidir. Müsəlmanlar! Sizin dövrünüz sizinlə birlikdə ölür, öz övladlarınızı yeni dövrə hazırlayın!”.
İ.Ploşkonun sözlərinə görə, Bakının mərkəzində milli ornamentlərlə bəzədilmiş bir binanın layihələndirilməsi onun həyatında ən böyük arzusu olub. O, bu arzusunu “İsmailiyyə” binası ilə həyata keçirib. Hazırda bu binada Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.
XX əsrin ilk onilliyində Bakıda maarifçi və xeyriyyçi cəmiyyətlərin fəaliyyəti aktivləşmişdi. Bu, hansısa bir vahid müsəlman xeyriyyə və mədəni mərkəzinin yaradılmasını tələb edirdi. “İsmailiyyə” belə bir mərkəzə çevrildi. Onun zallarında “Nəşri-Maarif” (Müsəlman Xeyriyyə Cəmiyyəti) cəmiyyəti tərəfindən çay süfrəsi arxasında xeyriyyə axşamları təşkil olunurdu. Zaman keçdikcə burada siyasi müzakirələr də aparılmağa başlandı. Qeyd edək ki, 1917-ci il aprel ayının 26-da bu binada xalq müəllimlərinin iştirakı ilə tələbə konfransı keçirilmişdir.
1913-cü ildə qotik üslubda tikilmiş İsmailiyyə binasının 1918-ci ilin mart qırğınlarında erməni quldurlarının Bakıya hücumu zamanı top atəşinə tutularaq dağıdılması tanınmış xeyriyyəçinin həyat eşqini əlindən alır. Deyilənə görə binanın dağıdılmasında əsas məqsəd analoqu yalnız İtaliyada olan “Venesiya Qotikası”nı məhv etməklə bərabər binanın zirzəmisində qorunan ziyalıların arxivini və binanın özülündəki qızılı ələ keçirmək olub. Ağa Musa Nağıyev nakam oğlu İsmailin xatirəsinə tikdirdiyi bu əzəmətli binanın məhv edilməsi ilə mənən və cismən yıxılır.
Ağa Musa Nağıyevin binalarını “Qasımov qardaşları və K” şirkəti tikirdi. Bir binanın tikintisi qurtarmamış digərinin özülü atılırdı. Bu miqyasda inşaat işləri ilə hətta Hacı Zeynalabdin Tağıyev də ayaqlaşa bilmirdi.
Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də dövrün cəhalət girdabında boğulan xalqının maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yük¬səldilməsinə sərf etmişdir. Neft milyonçusu kapitalına və tikdirdiyi binalarının sayına görə Bakı milyonçuları arasında seçilirdi. Məhz bu keyfiyyətlərinə görə car Nikolay II onu “Neft kralı” adlandırmışdı.
Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin maariflənməsinə xüsusi diqqət yetirən Ağa Musa, uzun müddət yarımçıq qalmış Realnı məktəbinin (indiki Dövlət İqtisad Universitetinin binasının) tikintisini başa çatdırmaqla bərabər burada məktəbəqədər sinfin yaranmasına nail olur. Ağa Musa Nağıyev bu müəssisəyə himayədarlıq etməklə, həmçinin 25 müsəlman qızının təhsil haqqını da ödəməyi öhdəsinə götürmüşdür. Neft sənayesinin inkişafına, Qara dənizdə üç iri zavodun tikintisinə sərmayə qoyuluşuna, eləcə də “qara qızıl”ın hasilatı üçün yeni mexaniki üsulun tətbiqinə, eləcə də maarifə olan bu qayğısına görə Ağa Musa Nağıyev III dərəcəli “Müqəddəs Stanislav” ordeni, 1910-cu ildə isə çar II Nikolay tərəfindən Andreyev lenti ilə boğazdan asılan qızıl medalla təltif olunmuşdur.
Ağa Musa Nağıyev eyni zamanda Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında da müstəsna rol oynamışdır. Rus-Osmanlı müharibəsi zamanı Ərzurumun dağılmış məscidlərindən birində tapılan yandırılmış müqəddəs Qurani-Kərim kitabını satın alan Musa Nağıyev onu qoruyub saxlamış və daha sonra sultan V Mehmet Rəşada hədiyyə etmişdir. Bu nəcib əməlinə görə Osmanlı sultanı V Meh-met Rəşad Ağa Musa Nağıyevi “Məcidi” və “Osmani” nişanları ilə təltif etmişdir.
O, əldə etdiyi saysız-hesabsız gəlirinin bir hissəsini millətin maariflənməsinə sərf etmiş, müsəlman qızlarının ibtidai təhsilini maliyyələşdirmiş, Bakıdakı 3-cü birsinifli ibtidai məktəbin hamisi olmuş, Qara şəhərdəki mülklərindən birini 11 saylı məktəbin istifadəsinə vermiş, 1897-ci ildə fəhlə və qulluqçular üçün xalq kitabxanası təsis etmişdir.
A.M.Nağıyev Bakıda “Ruhaniyyə” Cəmiyyətinin təşkilatçılarından olmuş və qısa müddət bu cəmiyyətin sədri kimi çalışmışdır. A.M.Nağıyev yaxşı tanınmış “Nəşri-Maarif Cəmiyyətinin də fəal üzvlərindən və onu maliyyələşdirənlərdən biri olmuşdur. A.M.Nağıyevin “Səadət”, “Nicat” və digər xeyriyyə cəmiyyətlərinin yaradılmasında və maliyyələşdirilməsində, eləcə də yenicə meydana çıxmış Azərbaycan teatrının inkişafında da böyük rolu olmuşdur.
Böyük xeyriyyəçi Ağa Musa Nağıyev hər il müxtəlif ali təhsil müəssisələrində oxuyan təqaüdçü tələbələrin təhsilinə 8 min rubl pul ayırırdı. Departament direktoru Kobalevski Bakıda ticarət məktəbi yaradılması təklifi ilə çıxış edəndə qısa müddətdə 170 min manat toplanmışdı. Bu məbləğin 50 minini H.Z.Tağıyev vermişdi. İlk pul köçürənlər arasında M.Nağıyev və Şəmsi Əsədullayev də vardı.
1898-ci ildə Bakıda yetim uşaqlar üçün evin tikintisi başlandı, ancaq ilin so-nun¬da məlum oldu ki, toplanmış pul vəsaiti azlıq edir. Onda M.Nağıyev və Ş. Əsədullayev ilk olaraq iri məbləğli ianə verdilər. M.Nağıyev vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyətinin ən aktiv iştirakçısı idi.
XIX əsrin sonu – XX əsrin əvvəllərində A.M.Nağıyev Bakının ictimai həyatında da fəal iştirak etmişdir. O, 20 ildən artıq şəhər dumasının qlasnısı, habelə Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının, Bakı Ağ Neft Zavodçuları İttifaqının və Sərəncam Komitəsinin üzvü olmuşdur. Birinci Dünya müharibəsi ərəfəsində təkcə ona məxsus neft mədənlərində 1000 nəfərə qədər fəhlə çalışırdı.
Ağa Musa Nağıyev 1919-cu ilin martında 70 yaşında vəfat edir. Onun vəfatı ilə bağlı olaraq Azərbaycan qəzetinin 5 mart 1919-cu il tarixli sayının birinci səhifəsində verdiyi başsağlığında bu sözlər yazılmışdı: “Ağa Musa Nağıyev - ən orjinal şəxsiyyətlərdən biri, təbiətən intəhasız enerjili, mükəmməl formalaşmış bir insan həyatdan getmişdir. İri kapital sahibi olan Ağa Musa xalqının bütün tələblərinə rəğbətlə yanaşıb. Elə bir əhəmiyyətli ictimai məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın... Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsini əbədi yaşatmağa qadirdir”.
Özünün vəsiyyətinə görə onu Kərbəlada, gənc ikən dünyasını dəyişən oğlu İsmayılın yanında dəfn olunmağını vəsiyyət etsə də vəziyyət gərgin olduğu üçün onu Çəmbərəkənddə dəfn edirlər. 1931-ci ildə qəbirstanlıq dağıdıldığı üçün məzar Biləcəri qəbirstanlığına köçürülür 1938-ci ildə eyni səbəbdən Biləcəridə dağın başında yenidən dəfn edilir.
Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
10:00 14.05.2025
Oxunuş sayı: 1894
