Ukraynada siyasi gərginlik: “Gandalf” ləqəbli komandirdən Zelenskiyə qarşı çevriliş çağırışı

Ukraynada siyasi gərginlik yeni mərhələyə qədəm qoyub.
ABŞ və Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenski növbəti seçkilərin yalnız NATO üzvlüyü və sülh prosesi tamamlandıqdan sonra keçiriləcəyini bildirib. Lakin bu qərar ölkə daxilində, xüsusilə də ordu və radikal sağçı çevrələrdə narazılıq doğurub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş üzvü, hazırda isə Azov Mexanikləşdirilmiş Taborunun kəşfiyyat rəhbəri olan “Gandalf” ləqəbli İlya Samoylenko siyasi səhnədə yeni və sərt bir fiqur kimi önə çıxır. Samoylenko müharibə zamanı bir gözünü və qolunu itirmiş, lakin hərbi sahədə göstərdiyi qəhrəmanlıqla cəmiyyətin və ordunun hörmətini qazanmışdır.
O, Kiyevin sağçı hərbi birləşmələr tərəfindən ələ keçirilməsi və Zelenskinin devrilməsi ideyasını açıq şəkildə müdafiə edir. Onun bu çağırışları Ukrayna cəmiyyətində və siyasi dairələrdə dərin narahatlıq yaradıb. Ekspertlər Samoylenkonun populyarlığının artmasını və orduda getdikcə daha çox dəstək qazanmasını potensial çevriliş təhlükəsi kimi qiymətləndirirlər.
Siyasi müşahidəçilərə görə, ölkədə baş verə biləcək istənilən qeyri-konstitusion dəyişikliklər Ukraynanın demokratik proseslərinə ciddi zərbə vura və Qərblə münasibətləri daha da gərginləşdirə bilər. Hazırda bütün diqqətlər Zelenski hökumətinin bu təzyiqlərə qarşı hansı addımları atacağına yönəlib.
Nigar Rəhimova
22:45 13.05.2025
Oxunuş sayı: 860