Hindistanın təcavüzü Pakistanda birliyi gücləndirdi

Pakistan Prezidenti Asif Əli Zərdari bəyan edib ki, Hindistanın açıq-aşkar təcavüzü Pakistan xalqını daha da birləşdirib və gücləndirib. O bildirib ki, bütün millət və ölkənin silahlı qüvvələri Nyu-Dehlinin hər hansı düşmən addımına cavab verməyə hər zaman hazırdır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Prezident Zərdari bəyanatında Hindistanın Pakistanla bağlı təxribat xarakterli və əsassız təcavüzü nəticəsində həlak olanlara hörmətlə yanaşdığını ifadə edib və vurğulayıb ki, xalq ölkənin təhlükəsizliyi uğrunda canlarından keçən Pakistan Ordusunun igid övladlarını ehtiramla yad edir.
“Şəhidlərimizin fədakarlığı ilə qürur duyuruq. Qəhrəman əsgərlərimiz ölkənin bütövlüyünü uğurla qoruyurlar. “Bunyanum-um-Marsus” əməliyyatı zamanı onlar düşmənin təkəbbürünü yerlə-yeksan etdilər", – deyə Zərdari qeyd edib.
Prezident vurğulayıb ki, Pakistan xalqı və igid silahlı qüvvələr hər zaman istənilən təcavüzə qarşı durmağa və milli təhlükəsizlik və suverenliyə edilən hər hansı müdaxiləyə sarsıdıcı cavab verməyə hazırdır.
Dövlət başçısı, həmçinin, həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirib.
Pərvin Hacıyeva
20:51 13.05.2025
Oxunuş sayı: 907