FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Açıq qapı” günü keçirib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində uşaqlar üçün “Açıq qapı” günü təşkil olunub.
Crossmedia.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı” günündə Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonunun Çayutmas kənd Texniki təmayüllü məktəb-liseyin kollektivi iştirak edib.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə edilən zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
13:05 05.05.2025
Oxunuş sayı: 811