Druz qruplaşmaları Suriya ordusuna birləşdirilir: Süveyda üçün xüsusi briqada yaradılır

Suriyada təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə ölkənin Daxili İşlər Nazirliyi ilə druz liderləri arasında əldə olunan razılaşmadan sonra druz silahlı qruplarının Suriya ordusuna inteqrasiyası prosesinə başlanılıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Suriya ictimai təhlükəsizlik xidməti Süveyda vilayətində təhlükəsizliyi təmin etmək məqsədilə bölgəyə şəxsi heyət göndərib. Əldə olunan razılaşmaya əsasən, “Rical əl-Kəramə” və “Liwa əl-Cəbal” adlı druz silahlı dəstələrindən 700 döyüşçü Suriya Daxili İşlər Nazirliyinin tərkibinə daxil ediləcək. Onların Süveyda şəhərində və vilayətə giriş nöqtələrində fəaliyyət göstərməsi planlaşdırılır.
Bundan əlavə, daha 1500-dən çox yerli döyüşçü Daxili İşlər Nazirliyinə qoşulmaq üçün müraciət edib. Müraciətlər təsdiqləndikdən sonra onların da müvafiq təhlükəsizlik strukturlarında yerləşdiriləcəyi gözlənilir.
Məlumata görə, Suriya Müdafiə Nazirliyi nəzdində Süveyda vilayəti üçün xüsusi hərbi briqadanın yaradılması nəzərdə tutulur. Bu addım vilayətdə dövlət nəzarətinin gücləndirilməsi və qeyri-rəsmi silahlı dəstələrin rəsmi orqanlara inteqrasiyası baxımından mühüm mərhələ hesab olunur.
Fatimə Nəbiyeva
23:36 02.05.2025
Oxunuş sayı: 1065