Makronun Vatikan siyasətinə qarışdığı iddia olunur

Fransa Prezidenti Emmanuel Makronun Roma ilə Vatikan arasındakı həssas münasibətlərə müdaxilə etməyə çalışdığına dair iddialar gündəmə gəlib. Roma dairələrində Makronun Papa seçkilərinə təsir göstərmək niyyətində olduğu və bu məqsədlə müəyyən addımlar atdığına dair şübhələr artır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Fransa liderinin Papa Fransiskin ölümündən sonra Romaya səfər etməsi və burada bir sıra mühüm dini fiqurlarla, o cümlədən Fransız kardinal və Sant’Egidio icmasının rəhbəri ilə görüşməsi, Vatikan daxilində narahatlığa səbəb olub. Bu görüşlərin Papa seçkilərinə təsir etmək məqsədi daşıdığı iddia edilir.
Makronun görüşdüyü şəxslər arasında gələcək Papa namizədləri ilə yaxın əlaqələri olan dini fiqurların da yer alması iddiaları daha da gücləndirib. Roma diplomatik çevrələrində bu addımlar, Fransa rəhbərliyinin Katolik Kilsəsində siyasi nüfuz qazanmaq cəhdi kimi qiymətləndirilir.
Vatikan isə hələlik bu məsələyə rəsmi münasibət bildirməyib. Lakin kilsə daxilində neytrallığın qorunmasının və xarici müdaxilələrə qarşı həssaslığın yüksək olduğu məlumdur. Ekspertlər bildirirlər ki, belə müdaxilə cəhdləri Katolik dünyasında ciddi narahatlıq yarada bilər.
Qeyd edək ki, Vatikan dünyəvi dövlətlərdən asılı olmayan, öz daxili qanunvericiliyi və ənənələri ilə idarə olunan dini mərkəzdir. Papa seçkiləri isə məxfiliyi və siyasi təsirlərdən uzaq olması ilə tanınır. Bu səbəbdən Makronun addımları beynəlxalq səviyyədə də müzakirə mövzusuna çevrilib.
Fatimə Nəbiyeva
23:35 02.05.2025
Oxunuş sayı: 977