Ukraynanın Baş naziri: ABŞ ilə yeraltı sərvətlərə dair saziş Ukraynaya səmanı daha yaxşı qorumağa kömək edəcək

ABŞ ilə yeraltı sərvətlərə dair saziş Ukraynanı indi qorumağa və gələcəkdə dünyanın ən böyük iqtisadiyyatı ilə uzunmüddətli tərəfdaşlıq yaratmağa kömək edəcək.
Crossmedia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıhal bildirib.
“Ukrayna üçün təkcə bu müharibəni bitirmək deyil, ondan sonra gələcək ədalətli sülhə nail olmaq vacibdir. Bu, “əvvəlkindən daha yaxşı” prinsipinə əsaslanan genişmiqyaslı bərpa deməkdir. Bu, Aİ-yə üzvlük deməkdir”, - o deyib.
Şmıhal həmçinin qeyd edib ki, sazişin imzalanması ölkənin təhlükəsizliyinin ən yaxşı təminatıdır, çünki saziş güclü iqtisadiyyata malik ölkə ilə imzalanıb.
Onun sözlərinə görə, hazırda hüquqi və diplomatik işlərin davam etdirilməsi və ABŞ ilə tərəfdaşlığın həyata keçirilməsi üçün konkret alətlər təqdim edəcək texniki sazişlərin imzalanması vacibdir.
“Lakin başqa bir şey də vacibdir: bu saziş bizə ölkəni burada və indi daha yaxşı qorumağa imkan verəcək. Amerikanın hava hücumundan müdafiə sistemləri sayəsində səmamızı daha yaxşı qorumağa imkan verəcək. Müasir silahlar sayəsində torpaqlarımızı daha yaxşı qorumağa imkan verəcək”, – Baş nazir söyləyib.
Onun fikrincə, bu razılaşma Rusiyaya ABŞ-nin Ukraynanın yanında qalması və bizi dəstəkləməyə hazır olması ilə bağlı siqnaldır.
22:40 02.05.2025
Oxunuş sayı: 1102